Turistlər Zəngilana səfər edə biləcəklər — FOTOLAR

GÜNDƏM 07 aprel 2025, 13:45
Aprelin 5-6-da turizm şirkətlərinin və media nümayəndələrinin iştirakı ilə Azərbaycanın Zəngilan rayonuna və burada fəaliyyətə başlayan “Ağalı Hotel”ə tanışlıq turu keçirilib.

AFN.az xəbər verir ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və “Skal İnternational” turizm peşəkarları təşkilatının Bakı klubunun rəsmi dəstəyi, “Premier Qroup” MMC-nin təşəbbüsü ilə reallaşan infotur maraqlı təqdimatlarla yadda qalıb.
İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçərkən tur iştirakçıları yolboyu aparılan tikinti-quruculuq işlərini, eyni zamanda ermənilər tərəfindən dağıdılıb viran edilmiş kəndlərin qalıqlarını müşahidə ediblər.

“Ağalı Hotel” Azərbaycanın ilk “ağıllı kənd”i olan Ağalının yaxınlığında, Zəngilan rayonunun mərkəzinə 20 kilometrlik bir məsafədə yerləşir. “Premier Qroup”a daxil olan hotelin bir gündə 78 nəfəri yerləşdirmək imkanı var. Burada 55-60 nəfərlik akt zalı, 28-30 nəfərlik konfrans zalı mövcuddur ki, bu da hoteldə müxtəlif tədbirlərin təşkilini mümkün edir. “Ağalı Hotel”in həyətində böyük həcmli süni gölün olması gələn qonaqların gözünü oxşamaqla yanaşı, burada sərin bir atmosfer yaradır. Hotel rəhbərliyinin bildirdiyinə görə, yaxın vaxtlarda hotelin həyətində uşaqlar və böyüklər üçün hovuz tikilib istifadəyə veriləcək.


Ruslan Quliyev: “Zəngilan unikal turizm potensialına malikdir”

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev infotur iştirakçıları ilə görüşü zamanı bildirib ki, ilk dəfədir Zəngilana tanıtım turu təşkil olunur. “Bu tədbir dövlət-özəl sektor əməkdaşlığının nəticəsidir”, - deyən assosiasiya sədri qeyd edib ki, əsas məqsəd Şərqi Zəngəzur, o cümlədən bölgənin turizm baxımından ən potensiallı rayonu olan Zəngilanın turizm imkanlarının təbliği, buraya turistlərin cəlbidir: “Zəngilan turizm sahəsinin əksər istiqamətlərinin inkişafı baxımından unikal imkanlara malikdir. Eyni zamanda Zəngəzur dəhlizinin üzərində yerləşməklə, onun mühüm qolunu təşkil edir. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması burada alternativ turizm növlərinin inkişafına da mühüm zəmin yaradacaq”.

Bir gecə-iki günlük turlar şirkətlərə təqdim edilib

Azərbaycan Turizm Bürosunun Destinasiyaların inkişafı və turizm məhsulu departamentinin sektor müdiri Fəqan Hüseynovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun bütün torpaqları hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir: “Bu regionun turizm imkanları çox böyükdür. Eyni zamanda buraya həm yerli vətəndaşlarımızın, həm də xarici turistlərin marağı da çoxdur. "Böyük qayıdış" proqramında Qarabağ İqtisadi Rayonunda turizmin inkişafı prioritet məqsədlərdən biri kimi qarşıya qoyulub. Bunu əsas götürərək, bəzi istiqamətlərdə araşdırma apardıq, məlumatları topladıq, turistlərə nələri təqdim etmək olar, onu müəyyənləşdirdik. Bir neçə marşrut artıq hazırdır, turizm şirkətlərinə təqdim edilib, yaxın aylarda Cəbrayıl-Zəngilan marşrutu ilə turist qruplarının qəbuluna start veriləcək. Turlar hələlik bir gecə, 2 günlük nəzərdə tutulub”.
İnfotur iştirakçılarına Ağalı kəndi haqqında məlumat verilib. Bildirilib ki, Ağalı Azərbaycanda "Ağıllı kənd" konsepsiyası əsasında tikilən birinci kənddir. 2021-ci ildə ölkə Prezidenti tərəfindən əsası qoyulub, 2022-ci ilin yayında buraya artıq köç başlayıb. BMT-nin 17 dayanıqlı inkişaf məqsədindən bir neçəsinə Ağalıda əməl olunub. Kəndin ən ucqar nöqtəsindən mərkəzinə piyada 15 dəqiqəyə çatmaq olur. Kənd təsərrüfatının müxtəlif istiqamətləri, o cümlədən meyvəçilik, heyvandarlıq, əkinçilik inkişaf edir. Horadiz-Ağbənd dəmir və şose yolları kəndin yaxınlığından keçir. Bu yollar həm də Zəngəzur dəhlizinin tərkib hissəsidir.
Qeyd edilib ki, Ağalı kəndi Həkəri çayından ayrılan bir qolun üzərində quraşdırılmış Arximed qurğularının fırlanması nəticəsində alınan elektrik enerjisi ilə təmin olunur. Arximed qurğuları dünyada cəmi 7-8 ölkədə var. Kənddə müasir üslubda tikilmiş evlərin üzərində günəş şüalarının əks etdirilməsi ilə işıq enerjisi almağı mümkün edən günəş panelləri də quraşdırılıb. Kəndin mərkəzində insanların bütün xidmətləri ala bilməsi üçün müxtəlif dövlət qurumlarının şöbələri fəaliyyət göstərir.

Müasir memarlıq və min illərlə tarixi olan mədəni irs...

Tur iştirakçılarının “Dost Aqropark”la tanışlığı maraqlı təəssüratlarla yadda qalıb. Burada onlara məlumat verilib ki, bu məkan həm bitkiçiliyin, həm də heyvandarlığın inkişafı üçün yaradılıb. Ilkin mərhələdə salınan “İntensiv meyvə bağları”nda yetişdirilən ağ ərik artıq may ayında ölkə bazarlarında satışa çıxarılır.

"Angus" cinsindən olan iribuynuzlu heyvanların saxlanma şəraiti ilə tanış olan qonaqların diqqətinə çatdırılıb ki, hazırda 7 min başdan ibarət olan heyvanların sayının 10 min başa çatdırılması planlaşdırılır. Qeyd edilib ki, “Anqus” ət istehsalında geniş istifadə olunan iribuynuzlu heyvan cinsidir. Bu cins Şotlandiyanın Aberdinşir və Anqus bölgələrində yaşayan mal-qaranın mələzləşdirilməsi yolu ilə əldə edilib və dünyanın bir çox yerində “Aberdin Anqus” kimi tanınır. Bu cins heyvanlar 5-6 ay ərzində 400-500 kq çəki verir.

İnfoturun ikinci günü iştirakçılar Zəngilan rayonunun mərkəzinə səfər ediblər. Burada onlar artıq tikilib istifadəyə verilmiş iki hissədən ibarət Zəngilan Konqres Mərkəzi, Zəngilan rayon məscidi, Zəngilan Beynəlxalq Aeroportu ilə tanış olublar. Daha sonra turizm şirkətləri və media nümayəndələri Ağalı kəndi yaxınlığında yerləşən Ağalı mağaralarını, tarixi 1300-1305-ci illərə qədər gedib çıxan Məmmədbəyli türbəsini ziyarət ediblər.



















































 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top