YUĞ teatrına yeni binanın verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

MƏDƏNİYYƏT 01 aprel 2025, 14:36
YUĞ teatrı sonuncu dəfə, 9 il öncə öz doğma səhnəsində “Boy” tamaşası ilə tamaşaçıların görüşünə gəlib. Daha doğrusu, eyni səhnədə tamaşaçıları ilə vidalaşmağa. Buna səbəb isə 2016-cı ildə Bakı şəhərinin Baş planına uyğun olaraq, Yasamal rayonunda, o cümlədən, Azərbaycan Dövlət Yuğ teatrının yerləşdiyi Murtuza Muxtarov küçəsindəki binasında aparılan söküntü işləri olub. Həmin ildən "YUĞ” yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir.

36 yaşlı teatr məşqləri də sığındığı Dövlət Kukla Teatrının binasında keçirir və tamaşalarını da teatrın kiçik zalında nümayiş etdirir. Tamaşalara maraq olduqca çoxdur, bunu onlayn platformada satışa çıxarılan tamaşa biletlərinin sürətlə satılmasından da görmək mümkündür. Həftə sonları nümayiş olunan tamaşalara bilet tapmaq mümkün olmur. Lakin zal cəmi 50 nəfərlikdir.

Bundan əlavə, zalın və kulisin balaca olması məşqlərin normal keçirilməsinə mane olur. Elə səhnənin darlığı səbəbindən martın 16-da nümayiş olunan “Asılqan” tamaşası zamanı aktyor Elşən Əsgərov ayağını zədələyib. Aktyor tərəf müqabilindən, quruluşçu rejissor və tamaşaçılardan üzr istəyərək tamaşanı yarımçıq qoymağa məcbur olduğunu bildirib.

Aktyor uzun illərdir, YUĞ teatrının binasız qalmasını, buna laqeyd münasibəti ifadə edərək teatrın fəaliyyət göstərməsində yaranan çətinliklərdən danışıb.

Ötən il “YUĞ”dan Bizim.Media-ya bildirilib ki, teatr binası ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edilib:

“Bu problem əvvəllər də müvafiq quruma bildirilib. 2023-cü ilin sonunda rəsmi şəkildə nazirliyə teatrın binası ilə bağlı müraciət etmişik”.

2024-cü ildə isə mədəniyyət nazirinin “YUĞ”çularla görüşündən sonra bina məsələsinin həlli istiqamətində işlərə başlanılması açıqlanmışdı.

Problem nə zaman həllini tapacaq?

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, teatrın fəaliyyəti üçün Bakının mərkəzindəki binalara baxış keçirilir:

“Ölkəmizin əhəmiyyətli mədəniyyət ocaqlarından olan Azərbaycan Dövlət Yuğ Teatrının daimi bina ilə təminatı Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir. Hesab edirik ki, özünəməxsus yaradıcılıq estetikası olan bu teatr üçün bina seçimində onun daşıdığı sənət meyarları nəzərə alınmalıdır. Yəni məkan həm estetik, həm də funksional baxımdan uyğun olmalıdır. Bu, teatrın tamaşalarını rahat və keyfiyyətli şəkildə təqdim etməsi üçün zəruridir.

Bütün bu amillər əsas götürülməklə paytaxtın mərkəzi hissəsində teatrın istifadəsinə uyğun binalar nəzərdən keçirilir. Bu istiqamətdə fəaliyyət davam etdirilir və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 aprel 2025, 19:55
Top