Cəlilabadda 25 yaşlı qadın anasının ikinci ərini bıçaqladı — TƏFƏRRÜAT

HADİSƏ 25 mart 2025, 12:20
Cəlilabad rayonunda 2000-ci il təvəllüdlü Fəridə ailə münaqişəsi zəminində anasının ikinci əri Fərmana xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Fəridə 25 iyun 2024-cü ildə, saat 19 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı istintaqla müəyyən edilməyən predmetlə Fərmanın kürək nahiyəsinə iki dəfə zərbə vurub. 

Hadisəni törədən Fəridənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəridə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş Fərmanı əvvəllər tanıyıb: 

“Təxminən 1 yaşım olan zaman atam Fuad vəfat etdi. Sonra anam Nuranə  təxminən 10 il əvvəl Fərman ilə qeyri-rəsmi ailə həyatı quraraq onunla yaşamağa başladı. Mən də həmin zamandan Fərmanı tanıyıram. Fərman ilə heç bir ədavət və düşmənçiliyim olmayıb”. 

Fəridə qeyd edib ki, iyunun 25-də, təxminən saat 19 radələrində yaşadığı evin yaxılığında olan marketə gedib: 

“Bir neçə dəqiqə sonra evə qayıtdım və gördüm ki, anam Nuranə Fərmanla mübahisə edir. Sonra Fərman anamı tutaraq yerə yıxdı və boğazından tutdu. Anama kömək etmək üçün onlara tərəf qaçdım və Fərmanı kənara itələdim. 

Daha sonra anam ayağa qalxdı və Fərmanı evimizin həyətində küçəyə çıxardım. Fərmanı vurmamışam və ona heç bir xəsarət yetirməmişəm. Fərmanın bu barədə dedikləri yalandır. Buna baxmayaraq hazırda Fərmanla barışmışam”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fərmanın sözlərinə görə, 2008-ci ildən Cəlilabad şəhər sakini Nuranə ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb: 

“Nuranənin birinci ərindən olan qızı Fəridə də azyaşlı uşaqları ilə bizimlə birlikdə bir evdə yaşayırıq. Səhhətimdə yaranan problemlə əlaqədar olaraq təxminən 15 gün Bakı şəhərində stasionar müalicədə oldum”. 

Zərərçəkmiş qeyd edib ki, iyunun 25-də müalicəsi başa çatdığı üçün xəstəxanadan çıxıb və saat 13 radələrində Cəlilabad şəhərindəki evinə gəlib: 

“Həmin gün saat 19 radələrində həyətdə Nuranə mənimlə mübahisə etdi. Mübahisə zamanı Fəridə həyətdən evə keçərək mətbəxdən bıçaq götürdü və yanıma gəldi. Bıçaqla bel nahiyəmə iki dəfə zərbə vuraraq mənə xəsarət yetirdi. Fəridə məni bıçaqla vurdu və xəsarət yetirəndən sonra yenə də məni vuracağından ehtiyat edərək onu arxaya itələdim. Bıçaq Fəridənin əlindən yerə düşdü. 

Bundan sonra Nuranə və Fəridə həyətdən çıxaraq xəstəxanaya getdilər ki, guya mən Fəridəni vuraraq xəsarət yetirmişım. Onlar xəstəxanaya gedəndən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Nuranə və Fəridə tərəfindən döyülərək xəsarət almam barədə məlumat verdim. Həmin gün də polis şöbəsinə gedərək şikayət ərizəsi ilə müraciət etdim”. 

Zərərçəkmiş qeyd edib ki, Fəridənin istifadə etdiyi bıçağın uc hissəsi uzun müddət öncə qırılaraq kütləşdiyindən hadisə vaxtı onun bədənində dərin yara izləri yaradıb. 

O, təqsirləndirilən şəxsi bağışlayıb, onunla barışıb, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. 

Bu cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fəridənin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top