
Ermənistan baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu üçün səsvermənin 2027-ci ildə keçirilə biləcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.
Baş nazir bildirib ki, bu, ölkənin daxili islahatlar ilə bağlı uzunmüddətli planlarının bir hissəsidir.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan ATƏT-in Minsk Qrupunun buraxılması üçün müzakirələrə başlamağa hazırlaşır.
Xatırladaq ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün məhz bu 2 şərtin yerinə yetirilməsini - Konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və ATƏT-in Minks Qrupunun buraxılmasını tələb edir.
Bununla yanaşı, Paşinyan ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalaması üçün üçüncü tərəfin zəmanətinə ehtiyac olmadığını bildirib.
"2022-ci il sentyabr ayında baş verən hadisədən (Ermənistan-Azərbaycan sərhədində toqquşma - red.) sonra biz hələ də zəmanətçilər institutuna ciddi yanaşmalıyıq? Mən deyirəm ki, Ermənistanın təhlükəsizliyinin tək zəmanətçisi var və bu, Ermənistanın özüdür. O Ermənistan ki, regionda qonşuları arasında xarici kömək və xarici müdaxilə olmadan yaşamaq qabiliyyətinə malikdir", - hökumət rəhbəri qeyd edib. (Oxu.az)