“Yüksək rütbəli şəxslərin tapşırığını icra etmişəm” — MN-dəki 143 milyon manatlıq yeyinti işi

KRİMİNAL 11 mart 2025, 19:20
Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı daha bir təqsirləndirilən “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlunun məhkəməsi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Vahid Novruzlunun vəkili məhkəməyə vəsatət təqdim edib.

Vəkil V.Novruzlunun  barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib: “Vahid Novruzlu barəsində cinayət işi açılan zaman ölkədən kənarda olub. O, bu barədə məlumat alan kimi ölkəyə gəlib. Özü birbaşa istintaq orqanına gedərək könüllü təslim olub. Onun istintaqdan yayınmaq kimi bir fikri olmayıb. 104 min manat dövlət hesabına ödəniş olunub. Eyni zamanda, onun himayəsində 2 az yaşlı övladı var. Bunu nəzərə almağınızı xahiş edirəm”.

Təqsirləndirilən şəxs qalan pulu ödəməyə hazır olduğunu bildirib.  

Məhkəmə vəsatəti təmin etməyib. 

Daha sonra məhkəmə istintaqı başlayıb və ittiham aktı elan edilib. 

İttihama görə, təqsirləndirilən şəxs xidməti dövrü ərzində müxtəlif hərbi hissələrdə maliyyə idarəsində baş mühasib vəzifəsində xidmət edib. Əsgərlərin, zabitlərin, fəhlələrin əməkhaqqını ödəmək, vergilərin verilməsi, hesabatların aparılması, görülən işlərin hərbi hissə komandirinə məruzə edilməsi onun vəzifəsi olub. 

Lakin təqsirləndirilən şəxs tamah məqsədilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov ilə əlaqəyə girib, yalan məlumatlar daxil etməklə 848.338 manatı müxtəlif plastik kart hesablarına köçürməklə talayıb. 

Bununla yanaşı, o, daha sonra 381.755 manatı özü də daxil olmaqla müxtəlif şəxslərin 15 plastik kart hesabına pul köçürərək mənimsəyib. 

Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmət etdiyi hərbi hissəni öz başına tərk etməsi ilə bağlıdır. 

İttihama görə, o, 2024-cü ildə üzürlü səbəb olmadan  xidmət etdiyi hərbi hissəyə qayıtmayıb.

Daha sonra ifadə verən Vahid Novruzlu özünü qismən təqsirli bilib və bildirib ki, özündən yüksək rütbəli şəxslərin tapşırığını icra edib. 

Qeyd edək ki, “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb. 
2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.

Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Onların hər biri də Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top