Tovuzda gənclərin içki məclisində dava düşdü — TƏFƏRRÜAT

KRİMİNAL 11 mart 2025, 15:53
Tovuz rayonunda 2000-ci il təvəllüdlü Bəhram şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Fəridə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonu kəndində baş verib. Bəhram aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Fəridin sifət nahiyəsinə bir dəfə qəsdən yumruqla zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Bəhramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Tovuz rayonunun kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, günəmuzd fəhləlik etməklə məşğul olur: “Mən Fəridi tanıyıram. Onunla münasibətim yaxşı olub, aramızda ədavət olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 20 radələrində yaşadığı kənddə fəhlə yoldaşı Səlim adlı şəxsin kirayə qaldığı evdə olub: “Mən Səlim ilə birlikdə yemək yedim, 100 qram araq içdim. Həmin vaxt səlimin kirayə yoldaşı Fərid sərxoş vəziyyətdə evə gəldi. Fərid yemək yemişdir deyə bizimlə birlikdə yemək yemədi. Söhbət zamanı Fərid Səlimə dedi ki, ondan borc aldığı beş manat pulu versin. Səlim pulu vermək istəyəndə Fərid fikrini dəyişərək beş manat pulu istəmədi və həmin pulu ona halal etdiyini dedi. Lakin təxminən 10-15 dəqiqə keçəndən sonra Fərid yenidən Səlimdən beş manat borcunu istədi. Səlim də Fəridə beş manat pul verdi”. 

Bəhramın ifadəsinə görə, daha sonra onlar evdən çıxıb və evin qarşısında siqaret çəkiblər: “Evin qabağında hər üçüümüz söhbət edən zaman Fəridə düzgün hərəkət etmədiyini dedim. Əvvəl Səlimdən beş manat pulu istəmədiyini, sonra isə fikrini dəyişərək ondan beş manat pulu aldığını bildirdim. Fərid də yaxşı etdiyini dedi. Buna görə hər ikimizin arasında mübahisə yarandı. Mübahisə zamanı Fərid ünvanıma nalayiq ifadə işlətdi. Həmin söz mənə pis təsir etdiyi üçün hirsləndim və bir dəfə yumruqla Fəridin sifətinə zərbə vuraraq onu döydüm. Bu zaman Səlim araya keçdi. Bundan sonra oradan getdim”. 

Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Bəhramın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top