Avropa İttifaqının hərbiləşdirilməsi Rusiya üçün real təhlükə yarada bilərmi? — ŞƏRH

XARİCİ SİYASƏT 11 mart 2025, 14:43
Avropa İttifaqı özünü Rusiyanın düşməni kimi göstərir, ona görə də onun hərbiləşdirilməsi ilə bağlı müzakirələr Moskvada narahatlıq doğura bilər.Bunu brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Biz görürük ki, Avropa İttifaqı hazırda Aİ-nin militarizasiyası, müdafiə seqmentinin inkişafı mövzusunu çox fəal müzakirə edir. Bu bizim diqqətlə izlədiyimiz prosesdir, çünki Avropa İttifaqı Rusiyanı özünün əsas rəqibi kimi mövqeləndirir. Bütün bu hərbiləşdirmə, əsasən, Rusiya Federasiyasına qarşı baş verir. Bu, əlbəttə ki, potensial olaraq bizim üçün dərin narahatlıq doğuran mövzu ola bilər", - Kreml rəsmisi vurğulayıb. 


Qeyd edək ki, Aİ rəhbərliyi dünən birliyin iqtisadi mahiyyətini bəyan edən və əvvəllər ön plana çıxarılmayan hərbi komponentini inkişaf etdirmək planlarını açıqlayıb. Avropa Komissiyasının sədri Ursula Von der Leyen Aİ ölkələrinə 800 milyard avro dəyərində yenidən silahlanma planı və hərbi xərclərin 1,5% artırılmasını təklif edib. Təklif kapital bazarlarından borc almağı və Avropa Komissiyasının bu vəsaitləri silah almaq şərti ilə birlik ölkələrinə borc verməsini nəzərdə tutur. Mətbuatda yayılan məlumatlara görə, Avropa Komissiyasının təklifi Aİ sammitində təsdiqlənib.

Avropa İttifaqının hərbiləşdirilməsi Rusiya üçün real təhlükə yarada bilərmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlana verən politoloq İlyas Hüseynov  bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra Avropa İttifaqı bir sıra yeni tədbirlər həyata keçirməyə başlayıb:

“Bu tədbirlər, əsasən, müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını nəzərdə tutur. Rusiya tərəfi isə bu addımı özünə qarşı təhlükə kimi dəyərləndirir. Kreml hesab edir ki, Avropanın hərbiləşdirilməsi və militarizasiya siyasəti məhz Rusiyaya qarşı yönəlib. Hazırkı reallıqda hər iki tərəf bir-birini düşmən kimi görsə də, hərbi xərclərin artması ümumi təhlükəsizlik risklərini də yüksəldir”.

Politoloq onu da qeyd edib ki, Avropa İttifaqının qəbul etdiyi 800 milyard avro dəyərində yenidən silahlanma planı bir tərəfdən Avropanın təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır:

“Digər tərəfdən isə Rusiyanın potensial ekspansionist siyasətinin qarşısını almağa yönəldilə bilər. Bu baxımdan, Avropanın müdafiə büdcəsində ciddi artımlar gözlənilir. Qeyd etmək lazımdır ki, son onilliklər ərzində Avropa hərbi əməliyyatlara geniş şəkildə cəlb olunmayıb və bu səbəbdən ordularının real döyüş təcrübəsi məhduddur. Bu səbəbdən Avropa daha çox müasir texnologiyalara və hərbi xərclərin artırılmasına üstünlük verməyə başlayıb. Digər vacib məqam isə NATO və Vaşinqtonun Avropanın təhlükəsizliyi ilə bağlı mövqeyidir. Verilən siqnallar onu göstərir ki, Avropanın təhlükəsizliyi daha çox qitənin daxili məsələsi kimi qiymətləndirilir və NATO-nun 5-ci maddəsinin icrası belə sual altına düşə bilər. Avropa anlayır ki, Ukrayna ərazisindəki mövcud vəziyyətdən sonra yeni risklər ortaya çıxa bilər. Xüsusilə də Baltikyanı ölkələr və Polşa potensial hədəf kimi görülür. Bu baxımdan Avropa İttifaqı hərbi xərcləri artırmaqla öz təhlükəsizliyini təmin etməyə çalışır və bu sahədə daha məsuliyyətli davranmağa davam edir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top