Məktəb bufetlərində satılan qidaların keyfiyyəti ilə bağlı hansı tədbirlər görülməlidir?

SOSİAL 10 mart 2025, 13:30
Məktəb bufetlərində satılan qidaların keyfiyyəti və gigiyenik şəraiti valideynlər və mütəxəssislər tərəfindən tez-tez müzakirə olunur. Bir çox hallarda şagirdlərə təklif edilən qidaların keyfiyyət standartlarına nə dərəcədə cavab verdiyi sual doğurur. Həmçinin, bəzi bufetlərdə sağlam qidaların azlığı və qeyri-sağlam məhsulların üstünlük təşkil etməsi də narahatlıq yaradır. Bəs məktəb bufetlərində vəziyyət necədir?

Mövzu ilə bağlı Demokrat.az-a danışan qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, məktəblərdə zərərli qidaların satışına qadağalar qoyulsa da, bu, problemi tam həll etmir:

"Sağlam qidalanma vərdişləri ailədən başlayır. Şagirdlərin qida rasionu təkcə məktəbdə deyil, evdə də nəzarətdə olmalıdır. Əgər uşaqlara sağlam qidalanma vərdişi aşılanmazsa, onlar istənilən yerdən zərərli qidalar əldə edib istehlak edə bilərlər. Buna görə də, valideynlər qida seçimlərinə xüsusi diqqət yetirməli, daha çox yerli və təbii məhsullara üstünlük verməlidirlər. Qazlı içkilər və kolbasa məhsulları ciddi təhlükə yaradır. Məktəb bufetlərində satılan qazlı içkilər və emal olunmuş qida məhsulları sağlamlığa ciddi ziyan vurur. Rəngli və qazlı içkilər mədə-bağırsaq sisteminə və qaraciyərə mənfi təsir edir. Bu cür içkilərin məktəblərdə satışının tam qadağan edilməsi vacibdir. Eyni zamanda, kolbasa və sosislər də təhlükəli qatqı maddələri, nitratlar, dadlandırıcılar və rəngləndiricilər səbəbindən gələcəkdə ciddi sağlamlıq problemlərinə yol aça bilər".

Ağa Salamov məktəb direktorlarının bufetlərə daha ciddi nəzarət etməsinin vacibliyini vurğulayıb:

"Məktəb rəhbərliyi bufeti kimə icarəyə verdiyini bilməli və orada çalışan aşpazların sağlam qidalanma üzrə biliklərə sahib olduğuna əmin olmalıdır. Bufetlərdə satılan qidalara mütəmadi monitorinq aparılmalı, yaş həddi nəzərə alınaraq menyular tərtib edilməlidir. Təhsil müəssisələrində çalışan aşpazların menyu bazasına sahib olması məcburi hala gətirilməlidir. Bu məsələdə həm valideynlər, həm də məktəb rəhbərləri məsuliyyət daşıyır. Yalnız qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməklə şagirdlərin sağlam qidalanmasını təmin etmək mümkündür”.

Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 mart 2025, 18:27
Top