Xırdalanda “qaraçı seyid” tutuldu: Dua oxuyub pula bərəkət gətirirmiş... — TƏFƏRRÜAT

KRİMİNAL 08 mart 2025, 12:44
Xıralanda özünü pula dua oxuyan, pula bərəkət gətirən, Mir Mövsüm Ağa ziyarətgahının işçisi kimi təqdim edərək evlərdən oğurluq edən Şahmurad saxlanılıb. O, özünü seyid kimi təqdim edirmiş.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, 21 yaşlı Şahmurad əvvəlcə Gülbuta Məmmədovanın fərdi yaşayış evinə gedərək özünü seyid kimi təqdim edib.

Cibində olan 1 manatı ev sahibinə verərək pulun ona bərəkət gətirəcəyini deyib. Söhbəti ilə ev sahibinin etibarını qazandıqdan sonra çay içmək və söhbət etmək üçün evə daxil olub.

Şahmurad ev sahibinə pullarının bərəkətlənməsi üçün dua edə biləcəyini deyib. Ev sahibi dolabda olan 2 min manatdan 200 manatını verib ki, həmin pullara dua etsin. Pulları “bərəkətləndirdikdən” sonra yenidən dolaba qoyan ev sahibi qənd gətirmək üçün mətbəxə gedib. Şahmurad bunu fürsət bilərək 2 min manatı götürərək evi tərk edib.

Şahmurad eyni üsulla Xırdalanda başqa bir evdən oğurlamaq istəyərkən saxlanılıb. O, qadının əlində olan pulu alıb qaçan zaman qonşular tərəfindən tutularaq polisə təhvil verilib.
Şahmurad qaraçı olduğunu, avaraçılıq və dilənçilik etdiyini deyib.

“Dilənməklə dolanıram. Xırdalanda piyada gəzərək evlərə yaxınlaşıb nəzir yığırdım. Bir evin qapısını döydüm. Yaşlı qadın qapıya çıxdı. Ona seyid olduğumu, nəzir payladığımı deyib inanması üçün dua oxudum. Həmin qadına 1 manat verib seyid pulu olduğunu, 3 gündən sonra xərcləməsini dedim. Qadından bir stəkan çay istədim.

Çay gətirəndən sonra söhbətə tutdum ki, evdə pulu varsa gətirsin. Dua oxuyum ki, bərəkətli olsun. Qadın yataq otağına keçəndə arxasınca baxdım ki, pulu hardan götürdüyünü görüm. Mənə 200 manat verdi. Pulu alıb dua oxudum. Sonra pulu nəzir verməsini dedim. Lakin qadın razı olmadı. Pulu alıb yerinə qoydu.

Çay içmək üçün qənd istədim. Yaşlı qadın qənd gətirməyə gedəndə yataq otağına keçib dolabdakı kağız paketdə olan pulu götürdüm. Çıxanda onda Allah yolunda xırda pulu verməsini istədim. O da 15 manat verdi”, - deyə Şahmurad ifadəsində bildirib.

O, ikinci əməlində iş başında yaxalanıb. Belə ki, Şahmurad Təbərrik adlı qadını da eyni üsulla aldadıb. Seyid olduğunu deyərək evində olan pullara dua oxuması üçün gətirməsini istəyib. Təbərrik adlı qadından pul alıb dua oxuyub. Bu zaman qadın pulu ona qaytarmayacağını düşünərək qışqırmağa başlayıb. Səsə qonşular gəlib və onu saxlayaraq polisə təhvil verib.

Daha əvvəl də cinayət əməli törədən Şahmurada bu dəfə ağır cəza verilib. Oğurluqda və soyğunçuluqda təqsirləndirilən Şahmurad 5 il azadlıqdan məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top