Tramp Ermənistanla sazişi ləğv edə bilər

DÜNYA 07 mart 2025, 12:37

“ABŞ Prezidenti Donald Tramp bütün istiqamətlərdə sələfi Co Baydendən fərqli siyasət yeridir”. 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, Tramp Baydenin imzaladığı sənədlərə belə əməl etmir:
 

“Çünki onların yanlış olduğunu düşünür. Yəni Tramp istər Ukrayna, istərsə də digər məsələlərlə bağlı tamamilə fərqli mövqedən çıxış edir. Həmçinin, ABŞ-nin Cənubi Qafqazla bağlı siyasətinin necə olacağı və kimlərlə müttəfiqlik əlaqələri quracağı maraq doğurur. Məsələn, Co Bayden Cənubi Qafqazla bağlı çox yanlış mövqe tutmuşdu. O, açıq-aşkar Ermənistanın tərəfində duraraq ermənipərəst siyasət yeridirdi. Ermənistan rəhbərliyi də bunu özləri üçün çox böyük uğur kimi dəyərləndirirdi”. 

Partiya sədri qeyd edib ki, rəsmi İrəvan Vaşinqtondan verilən vədlərə aldanaraq, sürətlə Qərbə inteqrasiya yolunu tutmuşdu: 

“Bayden Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe sərgiləyirdi. Onun dönəmində ABŞ rəsmiləri Ermənistanın maraqlarına uyğun olan addımlar atırdılar. O dönəm ABŞ tərəfindən Ermənistana hərbçilər və generallar göndərilərək hərbi təlimlər də keçirilirdi. Sonda isə 14 yanvarda ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalandı. Düşünürəm ki, bu da Baydenin növbəti xətası kimi tarixə düşdü. 

Çünki hakimiyyətdən getməyinə çox az bir müddət qalmış bu sənədi imzalamağın heç bir mənası yox idi. Bununla Ermənistana “jest” etdilər. Lakin İrəvan hakimiyyəti növbəti dəfə kimlərinsə oyunun qurbanına çevrildi”. Akif Nağı hesab edir ki, Donald Tramp Ermənistanla imzalanan strateji tərəfdaşlıq sazişini ləğv edə bilər: 

“Böyük ehtimalla, Tramp heç bir halda həmin sənədə əməl etməyəcək. Onun sazişi “iqnor” etməsi mümkündür. Bəlkə də müəyyən bir dövrdən sonra həmin saziş Tramp tərəfindən ləğv olunacaq. Bu ehtimal da mümkündür. Nəzərə almaq lazımdır ki, strateji tərəfdaşlıq sazişinə əsasən, ABŞ Ermənistana gömrükçülər və sərhədçilərdən ibarət iki qrup göndərəcəkdi. Lakin bunun təxirə salındığı açıqlandı. 

Ermənistanda da artıq bununla bağlı narahatlıqlarını bildirirlər. Görünür, rəsmi İrəvanın gözləri yollarda qalsa da, artıq ümidlərinin boş olduğunu başa düşür. Məncə, Tramp Ermənistana nə zamansa ya simvolik tərkibdə heyət göndərəcək, ya da, ümumiyyətlə, göndərməyəcək”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Trampın Cənubi Qafqazla bağlı siyasəti tam fərqli olacaq: “Tramp administrasiyası Cənubi Qafqazda Azərbaycan və Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək. Biz də onların bu mövqeyindən öz maraqlarımız üçün istifadə etməyə çalışmalıyıq. Onu da vurğulamaq lazımdır ki, Nikol Paşinyan son olaraq bir bəhanə ilə ABŞ-yə getdi. Vaşinqtonda qaldığı 5 gün ərzində Donald Tramp onu qəbul etmədi. Sadəcə protokol xatirinə vitse-prezident Ceyms Devid Vens onunla görüşdü. Lakin həmin görüşdə ciddi müzakirələr aparılmadığı aydın şəkildə hiss olunurdu. Bütün bunlar Trampın Ermənistana mövqeyinin təzahürüdür”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 mart 2025, 08:30
Top