
İranda strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefası şok effekti doğurub. O, 2015-ci il nüvə sazişinin əsas fiquru, Qərblə danışıqların davam etdirilməsinin tərəfdarı kimi tanınıb.
Qonşu İranda maraqlı və təlatümlü hadisələr yaşanır. İstefalar, radikallarla liberallar arasında ənənəvi qarşıdurma, sosial narazılıqlar ölkə gündəmini zəbt edib. Parlamentin iclasında iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Həmmatinin impiçmentindən sonra strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefası şok effekti doğurub. İran mətbuatının məlumatına görə, Prezident Məsud Pezeşkian hələ onun ərizəsini qəbul etməyib. Zərif prezidenti dəstəklədiyini deyib və onun kabinetinə uğurlar arzulayıb.
Demokrat.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Uzun müddətdir mühafizəkarların tənqid hədəfində idi
Həqiqətən də, Zərifin Məsud Pezeşkian hökumətindən istefa verməsi sensasion xəbər olub. O, 2015-ci il nüvə sazişinin (JCPOA) əsas fiquru, islahatçıların, Qərblə danışıqların davam etdirilməsinin müdafiəçisi kimi yadda qalıb. Uzun müddət idi ki, İran mühafizəkarlarının tənqid hədəfində idi. Onlar hesab edirlər ki, vitse-prezidentin baxışları İslam Respublikası ali rəhbərliyinin bütün əsas məsələlər, xüsusilə ABŞ ilə danışıqlarda ümumi mövqeyi təmin etmək cəhdləri fonunda milli birliyə təhlükə yaradır. Zərifin hökumətdən getməsində onun uşaqlarının ABŞ pasportlarına malik olması faktı da rol oynaya bilər. O, bu ilin yanvarında Davos forumunda çıxış edərkən bildirmişdi ki, İslam Respublikası hökuməti hicabsız küçəyə çıxan iranlı qadınlara təzyiq göstərməməyi qərara alıb, hətta hicabın olmaması milli qanunvericiliyə zidd olsa da. "Biz düzgün istiqamətdə hərəkət edirik. Bu, kifayət deyil, amma düzgün istiqamətdə atılan addımdır", - deyə Zərif bildirib.
Davosdakı çıxışa cavab olaraq İran parlamentinin milli təhlükəsizlik komitəsi Zərifi vəzifədən kənarlaşdırmağa çağırıb. Deputatlar izah ediblər ki, beynəlxalq təzyiq şəraitində İran cəmiyyətinə "düşüncədə, sözlərdə və hərəkətlərdə birlik və bütövlük" lazımdır, Zərifin sözləri isə ölkəni parçalayır.
Ölkənin ali lideri Əli Xamenei başda olmaqla, mühafizəkarlar əmindirlər ki, hazırkı şəraitdə danışıqlar prosesi mümkün deyil. Məsud Pezeşkian və Cavad Zərifin mənsub olduqları islahatçılar isə hesab edirlər ki, Vaşinqtonla dialoq zəruridir.
Zərif mötədil keçmiş prezident Həsən Ruhani dövründə xarici işlər naziri olub və İrana qarşı sanksiyaların ləğvinə imkan verən nüvə sazişinin bağlanmasında mühüm rol oynayıb.
İsteblişment daxilində fikir ayrılıqları
İsteblişment daxilində fikir ayrılıqlarının mövcudluğunu bu yaxınlarda Məsud Pezeşkianın özü də açıqlayıb. "Mən düşünürdüm ki, amerikalılarla dialoqa girmək daha yaxşı olardı, lakin ali lider dedi ki, biz ABŞ ilə danışmayacağıq", - deyə İran prezidenti bildirib. O əlavə edib ki, "mənim müəyyən əqidələrim ola bilər, lakin ali lider istiqaməti müəyyən edəndə, biz müvafiq şəkildə uyğunlaşmalı və düzgün yol tapmalıyıq".
Hələlik Tehranın beynəlxalq ictimaiyyətlə münasibətləri daha da gərginləşir. Əgər bu ilin ortalarına qədər İran nüvə problemi üzrə danışıqlara getməsə, Böyük Britaniya, Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq edilmiş bütün sanksiyaları bərpa edəcək. ABŞ-nin xeyir-duası ilə daha ciddi addımlar İsrail tərəfindən də atıla bilər.
İqtisadiyyat nazirinə etimadsızlığa gəldikdə isə bu, Məsud Pəzeşkian və mühafizəkarlar arasındakı böhranı dərinləşdirəcək. Mühafizəkarlar İran parlamentində çoxluq təşkil edirlər. Beləliklə, prezidentin təyin etdiyi nazir mühafizəkarların səyi ilə vəzifəsindən kənarlaşdırılıb. Zərifin istefa verməsi isə istənilən halda İran hökumətindəki böhranı dərinləşdirəcək.
İqtisadi çətinliklər artır
Belə bir fikir də var ki, Zərifin, iqtisadiyyat və maliyyə nazirinin istefası həm də Tehran hakimiyyətinin ölkədəki iqtisadi vəziyyətlə bağlı problemlərinin həllinə yönəlmiş bir addımdır və qərblə danışıqların perspektivinə işarə edir. Bu istefalar İranda artan iqtisadi çətinliklər fonunda əhalinin narazılığının yüksəldiyi bir vaxta təsadüf edir. Tehrana müxalif olan KİV-lərin qeyd etdiyi kimi, 2024-cü ilin sentyabrından milli valyuta 50%-dən çox dəyərsizləşib. "Iran International" kanalının məlumatına görə, rialın çökməsi davamlı yüksək inflyasiya ilə birlikdə iranlıların həyat səviyyəsinə əhəmiyyətli təsir göstərib.
AFP bildirir ki, hazırda daxili qara bazarda bir ABŞ dolları 920 min riala dəyişdirilir. Bu, 2024-cü ilin ortalarında bir dolların 600 min riala bərabər olduğu məzənnədən xeyli yüksəkdir.
Ekspertlərin gəldiyi yekun qənaət belədir ki, istənilən halda, son gərginliklər prezidentin istefası ilə nəticələnməyəcək. Belə ki, Məsud Pezeşkian özündən əvvəlki islahatçı prezidentlər kimi mühafizəkar dairələrlə münasibətləri gərginləşdirmək istəmir, son dərəcə ehtiyatlıdır. Lakin rialın ucuzlaşması və inflyasiya, Trampın sanksiyaları sərtləşdirməsi potensial olaraq sosial etirazlara gətirib çıxaracaq.