ABŞ III Dünya Müharibəsinə hazırlaşır? — AÇIQLAMA

GÜNDƏM 06 mart 2025, 16:55
ABŞ prezidenti Donald Tramp fevralın 4-də Konqresdə çıxışı zamanı ölkənin yeni raketdən müdafiə sistemi – “Qızıl Qübbə” yaratmaq planından danışıb. O, bu layihənin maliyyələşdirilməsi üçün Konqresə müraciət edib və bu texnologiyanın indi mövcud olduğunu vurğulayıb.

Tramp bildirib ki, bu sistem ABŞ-nin müdafiəsini gücləndirəcək və vətəndaşları daha etibarlı şəkildə qoruyacaq. Maraqlıdır ki, uzun müddətdir ABŞ-də belə bir layihənin həyata keçirilməsindən söhbət getmirdi. Lakin qlobal gərginlik fonunda Vaşinqtonun bu addımı xüsusilə diqqət çəkir.

Ötən ay Tramp “Dəmir Qübbə” milli raketdən müdafiə sisteminin inkişafı haqqında sərəncam imzalayıb. Onun bu yeni təşəbbüsü isə ABŞ-ın mümkün böyük münaqişəyə hazırlaşması ehtimalını gündəmə gətirir.

ABŞ III Dünya Müharibəsinə hazırlaşır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Donald Trampın atdığı addımlar, istər beynəlxalq münasibətlər sistemində, istərsə də ABŞ-nin daxilində, dünyada geniş spekulyasiyalara səbəb olur:



“Məsələn, Tramp ümumilikdə seçki öncəsi verdiyi vədlərin bir çoxunu yerinə yetirməyə çalışır. Onun hakimiyyətinin ilk dövrlərində atdığı populist addımlar, verdiyi bəyanatlar və açıqlamalar göstərir ki, Trampın rəhbərliyi dövründə ABŞ-nin dünyayla münasibətlərində və ölkə daxilində qəbul edəcəyi siyasi qərarlarda müzakirələr səngiməyəcək. "Dəmir Qübbə" məsələsi də ABŞ-də Tramp komandasının yeni yanaşmalarından biridir. Hazırda ABŞ hərbi sənaye sahəsində dünyada geniş imkanlara malik olsa da, müdafiə sənayesi potensialında tam müstəqilliyə nail ola bilməyib. Yəni, bu gün ABŞ başqa ölkələrin texnologiyalarına və detallara istinad etmədən, tam müstəqil şəkildə daha güclü bir raketdən müdafiə sistemi yaratmağa çalışır. Bu baxımdan, "Dəmir Qübbə" layihəsi ABŞ prezidenti və ölkənin müdafiə sənayesi üçün strateji töhfə kimi dəyərləndirilə bilər. Bununla belə, Trampın "Dəmir Qübbə" ilə bağlı qərarı ABŞ-nin Üçüncü Dünya Müharibəsinə başlamaq niyyətini ehtiva etmir. Ümumilikdə nəzərə almaq lazımdır ki, Trampın hakimiyyəti dövründə respublikaçılar dünyada ciddi siyasi ixtilafların və qarşıdurmaların yaranmasında maraqlı tərəf kimi çıxış etmirlər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top