"Müharibənin əvvəlində Ukraynanın müttəfiqi olan ABŞ..." — ŞƏRH

DÜNYA 28 fevral 2025, 15:23
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Vaşinqtona səfər edəcək.  Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. Prezident kabinetinin ilk iclasında bu barədə danışıb.

"Səfər çərçivəsində Ukraynanın faydalı qazıntıları üzrə razılaşma imzalanacaq. Prezident Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqlənib. Biz çox böyük saziş imzalamağa hazırlaşırıq" - Tramp qeyd edib.

Bu səfər Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək?

Səfərlə bağlı millət vəkili Hikmət Babaoğlu Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Rusiya və Ukrayna müharibəsi artıq məntiqi sonluğa yaxınlaşmaqdadır:

“Məntiqi sonluqsa, əvvəlcədən proqnozlaşdırıldığı kimi, Rusiyanın qalibiyyəti ilə başa çatacaq bir sonluq idi. Çox təəssüf ki, bu güc balansı dəqiq hesablanmadan aparılan bir müharibədə Ukrayna öz mövqelərini itirdi və daha çətin vəziyyətə düşmüş oldu. Bunun da günahkarı təkcə Ukrayna deyil, həm də Ukraynanı müharibəyə itələyərək, sonra ona lazımi qədər dəstək verməyən kollektiv Qərb idi. Eyni zamanda, müharibənin davam etdiyi üç ildə başqa bir acı həqiqətə də şahidlik etmiş olduq. Müharibələr tarixində çox nadir hallarda rastlanan, bəlkə də tayı-bərabəri olmayan bir hadisə yaşadıq. Bu da ondan ibarət idi ki, müharibənin başladılmasına şərtlər yaradan Ukraynanın müttəfiqi, ABŞ müharibənin sonunda artıq Rusiyanın müttəfiqi kimi çıxış etməyə başladı. Bu, çox acı bir paradoksdır”.

Deputat əlavə edib ki, bu, şərtlər içərisində də Zelenski ABŞ-a səfər edir:

“Ancaq çox təəssüf ki, bu dəfə müharibə müttəfiqi kimi deyil, müharibədə Ukraynanın əks cəhbəsində yer alan ölkənin, yəni Rusiyanın müttəfiqi kimi ABŞ hakimiyyəti ilə görüşə gedir. Şərtlər də sanki daha çox Rusiya tərəfinin diktə etdiyi şərtlərdir, ağır şərtlərdir. Ukraynanın prezidenti də bu şərtləri qəbul etmək məcburiyyətindədir. Belə olan halda səfərin Rusiya-Ukrayna münasibətlərinə təsiri əlbəttə göz qabağında olacaqdır.  Bu münasibətlər yeni tarixi mərhələdə Ukraynanın kapitulyasiyası, Rusiyanın isə daha imperativ mərhələyə yüksəlməsi dövrü kimi yadda qalacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top