"Azərbaycanlı iş adamı hesab edir ki, mağazasına yerli ad versə, biznesi irəli getməyəcək" — Qulu Məhərrəmli

GÜNDƏM 21 fevral 2025, 18:50
"Beynəlxalq Ana Dili günü BMT-nin təsis etdiyi günlərdən biridir. Daha çox tükənməkdə olan dillərə aid edilən gündür. Bununla yanaşı bütün ölkələrdə fərqli etnoslar ana dili haqqında düşünməli olurlar".

Bu sözləri Demokrat.az-a açıqlamasında əməkdar jurnalist, filologiya elmləri doktoru  Qulu Məhərrəmli deyib. 

"Azərbaycan dili inkişaf etmiş dillərdən biridir və bir çox sahələrdə uğurla tətbiq edilir. Müstəqilliyimizdən sonra dilimiz bir çox sahələrdə: diplomatiyada, xüsusi elm sahələrində geniş şəkildə tətbiq edilməyə başlayıb. Dilin tətbiq olunduğu əsas sahələr mədəniyyət, təhsil, mediadır. Dilin işlənməsi, ədəbi dilin normaları ilə bağlı ciddi problemlər də var. Müstəqillik dövründə ana dilinin qorunması və inkişafı ilə bağlı 20-dən çox sənəd qəbul edilib. Dilin inkişaf etdirilməsi və inkişafı ilə bağlı dövlət proqramı mövcuddur. Bunların hamısına nəzər yetirdikdə dilin inkişafına dövlət qayğısı haqqında ayrıca danışmaq olar".

O bildirib ki, mediada da dilin ədəbi normalarının pozulmasına rast gəlirik: 

"Mərkəzi küçələrdə mağaza adlarını müşahidə edən zaman insan özünü Azərbaycanda deyil, hansısa xarici ölkədə hiss edir. Burada əsas məsələ dilə münasibət deyil, biznes təfəkkürüdür. Azərbaycanlı iş adamı belə hesab edir ki, mağazasının adını "Leyla", "Nigar" qoysa, biznesi irəli getməyəcək. Dəfələrlə bu məsələ qaldırılsa da, həllini tapmayıb. Bunun da iki səbəbi var. Birincisi sahibkar isteyir ki, onun biznesi filan adda olsun. Buna şərait yaradan ikinci səbəb isə reklam haqqında qanundur. Ancaq məsələdə uzlaşılan məqamlar da var. Adlar Azərbaycan dilində yazılır, xarici adlar isə bu adlardan böyük olmayaraq, lövhədə öz əksini tapır".

Onun sözlərinə görə, şəbəkə, restoran, biznes sahibləri məsələyə həssas yanaşmalı, dil daşıyıcıları olduqlarını unutmamalıdırlar:

"Bu problemlərə baxmayaraq dilin ifadə tərzi, formaları zənginləşir. Tərcümə kitabları Azərbaycan dilinə böyük ifadə imkanları qazandırır. Xalq dilindən, dialektlərdən ana dilinə çox sayda sözlər qatılır, lüğətlərin sayı artır. Bunların hər biri dilin inkişafına öz təsirini göstərir. Dilin necə yaşaması isə dil daşıyıcılarından asılıdır. Mütaliə imkanlarımız, yaxşı nitqi olan insanların sayı azalıb. Baxmayaraq ki, məktəb vaxtlarından dil dəyərləri bizə aşılanır, ancaq dil daşıyıcılarımız bir çox hallarsa məsələyə biganə yanaşırlar. Bunları aradan qaldırsaq, dilimizin daha da sürətlə inkişaf etdiyinin şahidi olacağıq".

Xatırladaq ki, bu gün Beynəlxalq Ana Dili günüdür. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top