Turistin qalıqlarını tapan zaqatalalı: “Oradan tək çıxmaq mümkün deyil”

SOSİAL 12 fevral 2025, 16:33
Xəbər verdyimiz kimi, Zaqatalada 3 il əvvəl itkün düşən hindistanlı turist Manikant Kondavetinin qalıqları dağda tapılıb.

Demokrat.az xəbər verir ki, dağda turistin qalıqlarını aşkar edən Zaqatala sakini hadisənin təfərrüatlarını Lent.az-a danışıb.

Rayonun Mazıx kənd sakini Ruslan Əliyev bildirib ki, Kondavetinin qalıqlarını dağa gəzməyə gedərkən tapıblar:

“Biz 4 nəfər idik. Dağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma “vetnamka” çıxdı. Mənə maraqlı gəldi ki, bu bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var”.

Ruslan Əliyev deyir ki, onun əynindəki paltarlar çürümüşdü:

“Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan “vetnamkalar” və kəməri idi. Sümüklər fındıq ağacının altında idi. Biraz aralıda balaca tonqal gördük. Yəni tonqalın qalıqlarını. Əlavə olaraq yanında bel çantası, ayaqqabı, telefon, üz maskaları və bank kartları var idi”.

O bildirib ki, həmin dərəyə düşən adamın oradan tək çıxması qeyri mümkündür:

“Həmin dərə çox çətin reylefdə yerləşir. Dərənin əhatəsi mamırlı və sürüşkən qayalardır. Bir sözlə oradan bir nəfərin tək çıxması mümkün deyil. Biz 4 nəfər idik və köməkli şəkildə çətinliklə oradan çıxa bildik”.

Zaqatala sakini qarşılaşdıqları mənzərə ilə bağlı dərhal polisə məlumat verdiklərini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top