Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturu TƏSDİQLƏNDİ

DAXİLİ SİYASƏT 12 fevral 2025, 18:58
Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturunu təsdiq edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı dövlət başçısı Fərman imzalayıb.

Fərmanla təsdiq olunmuş struktura əsasən, Dövlət Agentliyinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilib.

Agentlik İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini, həmçinin emal edilməmiş almazın idxalına və ixracına rəy verilməsini Agentlik bilavasitə və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Agentliyin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin əmlakının Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top