“Rusbaş” Ramiz Mehdiyevin casusluq dosyesi...

TƏHLİL 11 fevral 2025, 14:52
Rusiyanın Azərbaycana qarşı aqressiv siyasəti fonunda rus casusları məsələsi də aktuallaşıb. Təbii ki, Azərbaycanda Rusiya casusu dedikdə ağıla ilk gələn və hər kəsin, hətta uşağın belə bildiyi bir nəfər – Ramiz Mehdiyev yada düşür. Bu, hər kəsə əyan olan köhnə həqiqətdir. Ramiz Mehdiyevin Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin rəhbəri olduğu haqda informasiya yenidən mediada gündəmə gəldi. Bu da səbəbsiz deyil, çünki Rusiya və Azərbaycan arasında müşahidə edilən qarşıdurma medianın diqqətini bu kimi məsələlərə də yönəldir. 

Məlumatlara görə, Azərbaycanda fəaliyyəti dayandırılan “Rossotrudniçestvo” təşkilatının əsas missiyası casus şəbəkəsini formalaşdırmaq olub. Şəbəkəyə də rəhbərliyi Prezident  Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev edib. Şəbəkənin üzvləri arasında keçmiş nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və Eldar Mahmudovun da adı çəkilir. Şəbəkə zaman-zaman Ramiz Mehdiyevin bağ evində toplanır, həm müzakirələr aparır, həm də kef məclisləri qururmuş.

Ramiz Mehdiyev isə bu məlumatı təkzib edib, “hamısı yalandır” deyib. Zatən onun təsdiq edəcəyini də heç kim gözləmirdi, amma “görünən dağa nə bələdçi”. Ramiz Mehdiyev Rusiya casus şəbəkəsinin “boz kardinalı” olub.

Vəzifədə olarkən onun ən çox bəhs etdiyi mövzu Azərbaycanda “beşinci kalon”un fəaliyyəti idi. Ramiz Mehdiyev bu haqda palaz-palaz yazılar yazır, yaxud belə yazıların altına imza qoyaraq, tirajlayırdı. Əslində, bu məqalələr diqqəti özündən yayındırmaq, informasiya manipulyasiyası etmək məqsədi daşıyırdı. Çünki “beşinci kalon”un başında özü dayanırdı həmişə. Onun fəaliyyətində bir neçə ştrix xüsusilə xətlə seçilib.



1. Azərbaycan maraqlarını daim Rusiya maraqlarına qurban vermək.
2. Azərbaycanı Rusiyanın orbitində saxlamaq, müstəqil siyasəti əngəlləmək.
3. Milli adamları ləkələmək, Moskvanın sevmədiyi, yaxud maraqlarına təhlükə gördüyü şəxsləri neyrallaşdırmaq, fəaliyyətinə imkan verməmək.
4. Milli-mənəvi dəyərləri məhv etmək.
5. Rusiyanın xeyrinə casus şəbəkəsi qurmaq və Azərbaycan dövlətinin bütün resurslarını Moskvanın istəyinə uyğun istismar etmək.


Bu siyahını kifayət qədər uzatmaq da olar. Lakin həqiqət dəyişmir: Ramiz Mehdiyev bütün karyerası boyunca Rusiyaya “layiqli” xidmət edib. “Boz kardinal”ın casusluq fəaliyyətində iki istiqamət də prioritet təşkil edirdi.

Birincisi, ölkədə korrupsiya pramidası yaratmaq idi. Bununla həm dövlət resurslarını talayır, həm də pramidaya daxil etdiyi vəzifəli şəxsləri özündən asılı vəziyyətə salır, onları da Rusiya maraqlarına xidmətə yönəldirdi.

İkincisi, Azərbaycanın təbii müttəfiqi olan Türkiyənin önünü kəsmək, iki ölkənin qardaşlıq münasibətlərini baltalamaq olub. Təsadüfi deyil ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə bir dəfə də olsun Türkiyəyə səfər etməyib, yaxud türkiyəli rəsmilərlə səmimi görüşməyib. Bu, birbaşa Kremlin tapşırığı idi və Azərbaycanı Rusiyanın təsir dairəsində saxlamaq məqsədi daşıyırdı. Məhz Ramiz Mehdiyev və şəbəkəsi vəzifədən getdikdən sonra Azərbaycan-Türkiyə münasibətləri öz axarına düşdü, ölkəmizdə Rusiyanın təsiri azaldı. 

Lakin məşhur deyim var: keçmiş casus olmur. Ramiz Mehdiyev qoca yaşında da Rusiyaya xidmətdən qalmır, vaxtilə qurub idarə etdiyi casus şəbəkəsinin fəaliyyətini koordinasiya edir, vəzifədə olarkən əldə etdiyi imkanlarla bu gün də ağalarının qulluğundadır. O, bunu nə qədər təkzib etməyə çalışsa da, fakt faktlığında qalır. Azərbaycanda körpə uşaq belə Ramiz Mehdiyevin nə qədər “rusbaş” olduğunu yaxşı bilir. Əslində, Ramiz Mehdiyevin bu qədər özündən əmin danışmağı da Rusiyadakı ağalarına güvənməkdən qaynaqlanır. Amma artıq zamanı çatıb. Ramiz Mehdiyev kimi casuslar milli tariximiz qarşısında cavab verməlidir. 


Vasif Həsənli
“Demokrat.az” xəbər portalının rəhbəri


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top