Bakının Binəqədi rayonunda 1998-ci il təvəllüdlü Fəyad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Cəlilə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fəyad 11 dekabr 2023-cü ildə, saat 23 radələrində Binəqədi qəsəbəsi, Zeynalov küçəsində fərdi yaşayış evlərinin qarşısında səs-küy salması və yüksək səslə danışmasına görə həmin vaxt oradan keçən əvvəllər tanıdığı Cəlilin ona dəfələrlə nalayiq sözlərlə irad tutması nəticəsində aralarında mübahisə yaranıb. Mübahisə zamanı özünün üzərində olan bıçaqla Cəlilin sinə nahiyəsinə qəsdən bir dəfə vurub.
Hadisəni törədən Fəyadın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəyad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 3 ildir narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir: “11 dekabr 2023-cü ildə, günorta saatlarında Binəqədi rayonunda “Məscidin” yanına getdim və narkotik vasitə, psixotrop maddə satan kimi üzdən tanıdığım, lakin adını bilmədiyim şəxsi gördüm. Ona yaxınlaşaraq “patı” lazım olduğunu bildirdim. Həmin şəxsdən 40 manat pul müqabilində 1 ədəd şəffaf rəngli sellofan bükümdə “patı” aldım. Həmin maddəni əynimdə şalvarımın sağ yan cibinə qoyaraq gizlətdim ki, sonra istifadə edərəm. Daha sonra yaşadığım evə gəldim. Həmin gün axşam saatlarında yaşadığım məhəllənin o biri tərəfində dayandım. Narkotik vasitə qəbul etmək istədim və əsəbi oldum. Vətən müharibəsində iştirak edən zaman əsəblərim pozulub. Ona görə də bəzən qeyri-ixtiyari olaraq uca səslə nalayiq ifadələr işlətdim. Uca səslə nalayiq ifadə işlədən zaman tanışım Cəlilin evinin qarşısında oldum. Mən də həmin yerə yaxın yaşayıram. Həmin vaxt Cəlil mənə əsəbiləşdi və bildirdi ki, get o sözləri öz qapında, ailənin yanında işlət. Bu söz mənə pis təsir etdi və məni daha da əsəbiləşdirdi. Cəlil gedən zaman onu səslədim və Cəlilin arxası ilə getdim. Cəlilə yaxınlaşaraq aramızda sözlə mübahisə yarandı. Mən əsəbiləşərək cibimdən bıçağı çıxardım, 1 dəfə Cəlilin sinəsinin sağ tərəfindən vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu vaxt Cəlilin atası və üzdən tanıdığı, lakin adını bilmədiyi bir oğlan yaxınlaşaraq onları ayırıb: “Bundan sonra nə mən Cəlilə, nə də Cəlil mənə xəsarət yetirib. Sanki əlili bıçaqla vurduqdan sonra özümə gəldim və hirsim soyudu. Mən an artıq peşman olmuşdum. Məqsədim Cəlili qorxutmaq olub. Cəlil 4-5 saniyə sonra heç nə demədən arxaya dönərək sürətli yerişlə yaşadığı ev istiqamətində getdi. Mən hər hansı ciddi xəsarət olmadığını düşündüm. Bu vaxt tanımadığım şəxs və Cəlilin atası orada dayanmışdılar. Cəlilin atası da məni üzdən tanıyır. Cəlilin atası məndən nə baş verdiyini soruşdu. Dedim ki, aramızda anlaşılmazlıq olub, ona görə də dalaşmışıq. Yanımda dayanan tanımadığım şəxs getdi. Evdə bir az uzandıqdan sonra yata bilmədim. Heroin istifadə
etmək istədim. Ona görə də yaşadığım məhəlləyə çıxdım ki, görüm, kimdən nə tapıram”.
Fəyad bildirib ki, dekabrın 12-də, saat təxminən 02:30-da yaşadığı Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi 14 yeni sahədə tək piyada gəzişən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim ediblər və bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarıdır: “Narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğumu bildirərək məni 43-cü Polis Bölməsinə dəvət etdilər. Mən etiraz etməyərək üzərimdə həqiqətən də psixotrop maddə metamfetamin olduğunu bildirdim, polis əməkdaşları ilə birlikdə 43-cü Polis Bölməsinin - inzibati binasına getdim. Orada mənə hüquq və vəzifələrim izah olundu, təqdim edilən siyahıda özümün seçdiyim vəkil 43-cü Polis Bölməsinə dəvət edilərək mənə təqdim olundu və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşları tərəfindən üzərimə şəxsi axtarış keçiriləcəyi bildirildi. Üzərimə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən hüquq və vəzifələrin izah edildi. Müdafiəçimin iştirakı olmadan üzərimə şəxs axtarış keçiriləcəyinə etiraz etmədiyimi bildirdim. Şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edildi. Qərarla tanış olaraq onu imza etdim. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən videçəkilişlə üzərimə şəxsi axtarış keçirilməyə başlandı. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərimdə saxladığım qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyim təklif edildi. Könüllü olaraq əynimdə olan şalvarın sağ yan cibində saxladığım bir ədəd şəffaf rəngli sellofan bükümdə içində psixotrop maddə metamfetamini çıxararaq masanın üzərinə qoydum. Təhqiqatçı bir ədəd şəffaf rəngli bükümü açdıqda içində psixotrop maddə metamfetamin olduğu müəyyən edildi. Təhqiqatçı aşkar edilmiş həmin maddə barədə məlumat verməyimi dedi. Bildirdim ki, aşkar olunan maddə psixotrop maddə metamfetamindir, həmin maddənin istifadəçisiyəm, aşkar edilən maddəni bir gün əvvəl, yəni dekabrın 11-də, günorta saatlarında Binəqədi rayonunda “Məscidin” yanında tanımadığım şəxsdən 40 manata öz istifadəm üçün alaraq üzərimdə saxlamışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılıb, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməyib: “Üzərimdən aşkar edilən bir ədəd şəffaf rəngli sellofan büküm içərisindəki “patı” maddəsi ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə əvvəlcə elektron tərəziyə qoyuldu, 0,86 qram olduğu müəyyən edildi. Daha sonra boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazıldı. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edildi. Sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşuldu. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən mən hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirdim. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf mən, polis əməkdaşları tərəfindən imzalandı”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Cəlilin sözlərinə görə, hadisə günü siqaret almaq üçün çölə çıxıb: “Yaşadığım evin qapısından 2-3 qapı irəlidə Fəyadgil uca səslə danışırdılar. Mən də onlardan sakit danışmaqlarını xahiş etdim. Fəyadgil də aşağı səslı danışacaqlarını dedilər. Mağazadan qayıtdıqdan sonra Fəyadgilin yenə uca səslə danışdıqlarını eşitdim, sərt qaydada nalayiq sözlərlə iradımı bildirdim. Getmək istədikdə isə ilk öncə sözlə mübahisələrimiz, daha sonra isə əlbəyaxa mübahisələrimiz başladı. Mən hadisə vaxtı bıçaq görməmişəm. Evə gəldikdən sonra qarın nahiyəmdə istilik hiss etdikdən sonra xəsarət aldığımı bildim. Köynəyimi qaldıranda qan olduğunu gördüm və öz-özlüyümdə yıxılan zaman qarnıma nəyinsə batdığını fikirləşdim. Hadisədən əvvəl də Fəyadla pis münasibətlərim olmayıb. Hadisəyə qədər salam sağollarımız olub. Baş verən hadisələrlə bağlı Fəyadda heç bir təqsir görmürəm”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəyad 4 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az