Uşaqlara əcnəbi adlar vermək İslamda necə qəbul edilir?

GÜNDƏM 27 yanvar 2025, 16:23
"Ad dinimizə görə insana verilən ilk mənəvi kimlikdir və dünyəvi alimlərə görə həyat boyu daşıdığı simvolik bir işarədir. İslam dini bu mövzuya böyük önəm veriir və uşaqlara gözəl və mənalı adlar qoyulmasını tövsiyə edir. Qurani-Kərimdə birbaşa ad qoyma mövzusunda konkret ayələr olmasa da, adların mənəviyyat və kimlik üzərində təsiri Quranda vurğulanır. Məsələn, Məryəm surəsində Hz. Məryəmin oğlunun adının Allah tərəfindən "İsa" qoyulması (Məryəm, 19:7) və Hz. Yəhyanın adının xüsusi seçilməsi göstərir ki, Allah-Təala adlara xüsusi əhəmiyyət verir".

Bu sözləri  Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 

Hədislərdə isə ad qoyma mövzusu geniş izah olunub. Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: "Siz Qiyamət günündə öz adlarınız və atalarınızın adları ilə çağırılacaqsınız. Ona görə də uşaqlarınıza gözəl adlar qoyun." (Əbu Davud, Ədəb, 61). Həmçinin, Peyğəmbər (s.ə.s) mənası mənfi olan və ya pis çağırış yaradan adları dəyişdirmişdir. Məsələn, bir kişinin adı "Harb" (müharibə) olduğu üçün onu "Silm" (sülh) olaraq dəyişdirmişdir. Bu, adların yalnız zahiri deyil, həm də mənəvi təsirə malik olduğunu göstərir.

İslam alimləri ad qoyarkən bir neçə məqamı nəzərə alırlar: adın mənasının müsbət olması, uşağın şəxsiyyətinə təsir etməsi və milli-dini kimliyi qoruması. Ən gözəl adların Allahın adlarından ilham alınaraq qoyulması tövsiyə edilir. "Abdullah" (Allahın qulu) və "Əbdürrəhman" (Mərhəmətli Allahın qulu) kimi adlar İslamda ən sevilən adlar hesab edilir".


O bildirib ki, İslam alimləri, yəni alimlərin icmasına görə, valideynlər övladlarına ad qoyarkən İslamın prinsiplərinə zidd olmayan adları seçməkdə azaddır:

"Xarici və yad adların qoyulmasında problem yoxdur, əgər bu adlar mənfi məna daşımırsa və uşağın şəxsiyyətinə zərər vermirsə. Lakin müsəlmanlar milli və dini kimliyi qorumaq üçün İslam mədəniyyətinə yaxın adlara üstünlük verməli, uşaqlarını öz tarixi və dini irsi ilə bağlayan adlar seçməlidirlər.

Dünyəvi alimlər isə adların insan psixologiyasına və sosial münasibətlərinə təsirini vurğulayır. Onların fikrincə, uşağa verilən ad onun özgüvəninə, cəmiyyətdə qəbul edilməsinə və hətta akademik uğurlarına təsir edə bilər. Araşdırmalar göstərir ki, yad və ya qəribə adlara malik olan uşaqlar bəzən cəmiyyətdə adaptasiya problemləri ilə üzləşə bilirlər. Buna görə də, valideynlər ad seçərkən uşağın gələcək həyatını, cəmiyyətin mədəniyyətini və tarixi dəyərlərini nəzərə almalıdırlar.

Ad insanın şəxsiyyətini formalaşdıran ilk addımlardan biridir. Uşağa verilən ad onun dini, milli və mənəvi dəyərlərini əks etdirməli, həmçinin şəxsiyyətinin inkişafına müsbət təsir göstərməlidir. Quranda, hədislərdə və icmada göstərildiyi kimi, ad seçimi ciddi bir məsuliyyətdir. Həm dini, həm də dünyəvi alimlərin bu mövzudakı yanaşmaları, adların yalnız bir kimlik deyil, eyni zamanda mənəvi və sosial təsirə malik olduğunu sübut edir. Bu səbəbdən, ad qoyarkən diqqətli olmaq və uşağa onun daşımaqdan qürur duyacağı bir ad seçmək ən gözəl qərardır".

Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 yanvar 2025, 23:50
Top