"Deputatın statusu haqqında" qanuna görə, deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır. Deputat seçiciləri qəbul etmək üçün ölkənin hər şəhərində və rayon mərkəzində (Bakı, Gəncə və Sumqayıt şəhərlərində isə – hər seçki dairəsində) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.
Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər. Deputatın bu fəaliyyətinin təmin olunmasında mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları ona köməklik göstərməlidirlər.
Ancaq təəssüflər olsun ki, bir çox hallarda seçicilərin millət vəkillərinin qəbuluna düşə bilmədiyi şikayətləri eşidilir. Həmçini deputatların ona səs verməyən vətəndaşları qəsdən qəbul etmədiyi hallarına da rast gəlirik.
Modern.az məsələ ilə bağlı bir sıra deputatlarla həmsöhbət olub.
Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, qəbuluna təkcə təmsil etdiyi Ağcabədi-Füzulidən deyil, ölkənin digər yerlərindən də gəlirlər:
“Mənə Azərbaycanın bütün rayonlarından müraciət məktubları gəlir. Onlar mənim seçicilərim olmasa da, mən Azərbaycanın millət vəkili olaraq onlara mütləq müraciətlərinə baxıram, kömək əlimi uzadıram. Millət vəkili seçkilərdə kimin ona səs verib vermədiyini çətin ki, ayırd edə. Çünki kimin hansı namizədə səs verməsi məxfi saxlanılır. Bununla belə vətəndaşın digər namizədə səs verdiyini bilsə də, deputat onun probleminin həllində maraqlı olmalıdır. Mənə səs verməyən seçici nə deməkdir?! Vətəndaş mənə səs verməsə də mənim dairəmin seçicisidirsə mənim onları dinləmək və lazım olan köməyi göstərmək deputat kimi borcumdur. Seçicinin kimə səs verməsindən asılı olmayaraq seçilən deputat bütün dairənin vətəndaşlarının problemlərini dinləməyə və həll etməyə borcludur”- Aqil Abbas qeyd edib.
Deputat Asim Mollazadə bildirib ki, kimdən gəlməsindən asılı olmadan bütün müraciətlərə baxılır və həlli istiqamətində addımlar atılır:
“Bizə daxil olan bütün müraciətlərə bərabər şəkildə yanaşılır, heç bir fərq qoymadan problemin həll edilməsinə çalışırıq. Keçirdiyimiz görüşlərdə də müraciət edən vətəndaşları qəbul edir və problemlərinin həll edilməsi üçün çalışırıq. Burada vətəndaşın kimin seçicisi olduğu, hansı dairədən olduğu önəm daşımır”.
Millət vəkili Elşad Musayevin sözlərinə görə, ona edilən bütün müraciətlərə eyni diqqətlə yanaşılır:
“Bizə gələn müraciətlərə baxanda görürəm ki, müəyyən müraciətlər bizim dairədən olmayan seçicilər də var. Həmin şəxslər işə düzəlməklə bağlı bizə müraciət etmişdi, biz də bununla bağlı məşğulluq idarəsinə müraciət etdik. Bizim müraciətimizə baxılıb, həmin şəxslər işlə təmin edilib və bizə bununla bağlı məlumat verilib. Nəzərə alaq ki, mən həm də Əmək və sosial siyasət komitəsinin sədr müaviniyəm, bütün Azərbaycan üzrə bu sahə ilə problemi olanlar bizim komitəyə müraciət edir. Komitə sədrimiz Musa müəllimdir, ona və mənə müraciətlər edilir. Biz vətəndaşlar arasında heç bir ayrı-seçkilik qoymuruq. Mən həm də partiya sədriyəm, partiyamız bütün ölkə üzrə fəaliyyət göstərir. Partiyamızda da heç bir ayrı-seçkilik qoyulmur. Mənim qrafikimdə ayda 2 dəfə rayonda görüş keçirilir. Görüşlərdə mənim dairəmdən olan və olmayan vətəndaşlar iştirak edirlər. Onları geri qaytarmalı deyilik ki, digərlərinə göstərdiyimiz diqqət və qayğını eyni şəkildə onlara da göstəririk. Milli Məclisdə ən çox müraciət daxil olan deputatlardan biri kimi deyə bilərəm ki, şəxsən mənə daxil olan bütün müraciətlər sona qədər incələnir, araşdırılır. Digər millət vəkillərinin necə faəliyyət göstərdiyini deyə bilmərəm, amma hesab edirəm ki, bütün deputatların fəaliyyəti bu şəkildə qurulmalıdır”.