Mənzil almaq istəyənlər üçün VACİB XƏBƏR

SOSİAL 23 yanvar 2025, 00:01
Azərbaycanda yeni tikililərdəki mənzillərin təməl mərhələsində (kotlovan) qiymətləri əhəmiyyətli dərəcədə artıb.

Demokrat.az Report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ötən əsrin 90-cı illərin sonunda və 2000-ci illərin əvvəllərində tikilmiş binalardakı mənzillər qiymət artımından nisbətən az təsirləndiyi halda, 2005-2015-ci illərdə tikilmiş binalarda bahalaşma orta səviyyədə, 2015-2023-cü illərdə inşa olunmuş binalarda isə bahalaşma yüksək səviyyədə olub.

Vüqar Oruc qeyd edib ki, son vaxtlar alıcıların təməl mərhələsində olan binalardan mənzil almağa marağı artıb, bu isə qiymətlərə təsirsiz ötüşmür: "Bəzən bu mərhələdə olan tikililər hətta yeni tikili və təkrar yeni tikililərdən daha yüksək qiymətə təklif olunur. Əvvəllər bu cür mənzillərə ehtiyatla yanaşan alıcılar son vaxtlar onlar daha çox maraq göstərməyə başlayıblar. Bu da ilkin qeydiyyat və hüquqi məsələlərdə yaradılan etimad mühiti ilə bağlıdır".

Ekspert əlavə edib ki, əvvəllər mənzillərin qiymətləri əsasən yerləşmə xətti ilə müəyyən edilirdisə, indi MTK brendləri, tikilinin keyfiyyəti və binanın xidmət səviyyəsi əsas seçim meyarlarına çevrilib.

Onun sözlərinə görə, bu dəyişiklik Azərbaycan alıcılarının daha peşəkar yanaşma sərgiləməsi və şəhərin böyüməsi ilə əlaqədardır.

"Alıcılar mənzil seçərkən binaların yeniliyi, təhlükəsizlik tədbirləri, nəqliyyat əlçatanlığı, sahə və planlama komfortu, infrastruktur zənginliyi, parklanma imkanı və ətraf şərait kimi amillərə xüsusi önəm verirlər. Bu amillər alıcıların mənzil bazarındakı davranışını formalaşdırır və yeni tikili seqmentində qiymət artımının əsas səbəblərindən biridir," - deyə sədr əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top