"Kapital Bank"dan Hökumə Əliyevanın atasının dələduzluq halı ilə üzləşməsi haqqında AÇIQLAMA

GÜNDƏM 18 yanvar 2025, 15:08
Məlumat verildiyi kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompensasiya məbləğindən qalan 80 min 507 manat vəsait oğurlanıb.

"Kapital Bank"ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və "Kapital Bank" tərəfindən dərhal araşdırma başlanılıb və lazımi tədbirlər görülüb. Vəsaitin köçürüldüyü hesab dərhal bloklanıb və oğurlanan məbləğin istifadəsinə icazə verilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.

"Kapital Bank"ın məlumatında bildirilib ki, baş verən hadisədə müştəri Cəlil Əliyev bank tərəfindən göndərilən OTP, 3D təhlükəsizlik kodu da daxil olmaqla bütün şəxsi məlumatlarını dələduzlarla bölüşüb: “Bu səbəbdən də dələduzlar asanlıqla vəsaiti oğurlaya biliblər. Hadisənin ardınca müştəri dərhal bankı və Daxili İşlər Nazirliyini məlumatlandırıb. Bu kimi hallarda vəsaitin bərpası çox nadir hallarda mümkün olsa da, bank əməkdaşlarının və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin səyi nəticəsində dələduzluq halının qarşısı alınıb.

Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli kodu, SMS vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin FİN kodunu heç kimlə bölüşməməyi, "Kapital Bank" adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top