Ekspert: “Kiçik ailə təsərrüfatlarının diqqətdən kənarda qalması kəndlərin boşalmasına, şəhər axınına səbəb olur”

GÜNDƏM 16 yanvar 2025, 19:02
“Kənd təsərrüfatına son illər dövlət tərəfindən kifayət qədər ciddi dəstəklərin olmasına baxmayaraq məhsulların demək olar ki, əksər sahələrində idxaldan asılılığımız bir neçə dəfə artıb”.

Bunu  Demokrat.az-a açıqlama verən kənd təsərrüfatı eksperti Şahin Nəcəfov bildirib.

“Bu gün iqtisadi komanda, Kənd Təsərrüfatı Nazirliyinin, ümumi idarəçilik prinsipləri bu nəticəyə çıxarıb. Kənd təsərrüfatına səlahiyyət vermək lazımdır. Kənd təsərrüfatı əlindən alınmış strukturları ona geri qaytarılmalıdır. Düzgün kənd təsərrüfatı ilə bağlı strategiya müəyyənləşdirilməlidir. Kiçik təsərrüfatların heç bir fəaliyyəti nəzər alınmır. Bu da həm kəndlərin boşalmasına, şəhər axınına səbəb olur. Kiçik ailə təsərrüfatları bu proseslərdə çox vacib elementdir. Çox təəssüf ki, kiçik ailə təsərrüfatları həmişə diqqətdən, kreditləşmədən kənarda qalır. Bunlar hamısı çox ciddi faktorlardır.  Sulama vaxtı meliorasiyada çox ciddi problemlər yaşayır, amma böyük təsərrüfatların bununla bağlı bir problemi olmur. İkincisi, bazar tənzimlənməlidir. Kəndli pul qazanmırsa, niyə un əkməlidir? O da əkir, xaricdən ayrı-ayrı iş adamları mal gətirir, bəzən kəndçi qazanmalı yerdə ziyan edir”. 

Ekspertin sözlərinə görə,  mütləq ölkədəki istehsal sahəsi nəzərə alınmalıdır:

“Vətəndaşın tələbatı nəzər alınmalıdır, ondan sonra gömrük kənardan tələbata uyğun mal buraxa bilər. Amma kəndli əkir, məhsulu əlində qalır, başqa ölkələrdən idxal olunan mallar gəlir. Fermerləri  elə vəziyyətə salır ki, mal əlində qalır, ziyan edir. Ona görə də bu sahəyə maraq göstərilmir. Kartof əkin sahələri digər illərə baxanda xeyli azalıb. İkinci soyuducu depoları yoxdur, azdır. Kartofların saxlanması üçün xüsusi depolar hələ yetərli qədər deyil və yaxud da bahadır. Qış, payız üçün anbarlarda saxlamaq sərf etmir. Həm azdır, həm də qiymətlər çox bahadır. Bunlar da hamısı, nəzərə alınmalıdır. Bunların hər biri  düzgün tənzimlənməlidir, vahid idarəçilik olunmalıdır. Ölkədəki istehsal qorunmalıdır. Həmişə biz qiymət bahalaşanda narahat oluruq. Qiymət ucuzlaşanda, maya dəyərindən aşağı satılanda  nə dövlət qurumu, nə vətəndaş narahat olur ki, bu fermer yazıq ziyan edir. Torpaq  hər il əkildikcə, məhsuldarlıq aşağı düşür. Ona görə növbəli əkinlər keçilməlidir. Torpaqlar dincə qoyulmalıdır. Dincə qoyulan torpağa görə subsidiya verilməlidir. Dəstək verilməlidir ki, o növbəli əkinə keçsin. Kartof eyni sahədə əkiləndə torpaq gücə düşür. Vahid idarəçiliyin olmaması düzgün proqramlaşmaya mane olur.  Bütün hər şey fermerin üzərində hesablanır, o ziyan edəndə də yazıq olub qalır ortalıqda”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 yanvar 2025, 20:04
Top