Politoloq: "ABŞ-də husilərin sonunun gətirilməsi üçün müzakirələr aparılır"

GÜNDƏM 14 yanvar 2025, 14:00
"Husilər İran dəstəkli ən böyük proksi qüvvədir. Faktiki olaraq Yəməndə fəaliyyət göstərir. Qrup Yaxın Şərqdə İsrail və ABŞ üçün əsas təhdid rolunu oynayır. Hizbullah və HƏMAS-dan fərqli olaraq husilər qohumluq münasibətləri əsasında formalaşmış təşkilatdır. Onların birliyi ideologiyadan daha çox qohumluq əsasında yaranıb. Qruplaşmanın əsl adı "Ənsurullah" dır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. 

O bildirib ki, təşkilata rəhbərinin adı ilə əlaqədar olaraq onlara "Husilər" deyilir:

"Qruplaşmanın İsraillə düşmənliyı sırf ideoloji səbəblərdən qaynaqlanır. Husilər hazırda Yaxın Şərq ən böyük şiə qruplarından biridir. Faktiki olaraq İsrailin həyata keçirdiyi siyasətə qarşı çıxırlar, düşmən kimi görürlər. Mübarizənin əsas məqsədi İsrail və ABŞ-nin bölgədən sıxışdırılıb çıxarılmasıdır. 

İsrail husilərə qarşı müqavimət göstərməyə çalışsa da, bacarmır. Çünki qruplaşma əsasən Qırmızı dənizdən dünya hərb sistemindən kənara çıxacaq hərəkətlər edir. Məsələn, bir yandan ballistik raketlərlə İsraili vururlar. Digər yandan dəniz quldurluğu ilə məşğul olurlar. Çalışırlar ki, ABŞ, İsrail və mütəffiqlərinə ağır zərbələr vursunlar".

Onun sözlərinə görə, ABŞ-də husilərin sonunun gətirilməsi üçün müzakirələr aparılır:

"Bunun üçün Yəmənə quru yoldan silahlı müdaxiləyə ehtiyac var. Bu da böyük fəlakət yarada bilər. Qruplaşma olduqca böyükdür və qohumluq əlaqələri əsasında qurulub. Savaş yetəri qədər davam edəcək. Xüsusilə İran digərlərindən daha çox husilərə yardım göstərir. İran və İsrail münaqişəsindən uğurlu çıxan tək qruplaşma husilər oldu. İsrail HƏMAS və Hizbullaha ciddi zərbələr vura bildi. Husilərə qarşı olan siyasətin daha radikal formasını Donald Trampın prezidentliyi zamanında görəcəyik".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top