Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən şadlıq evlərindən birinin zirzəmisini və parklanma zonasını su basıb.
Demokrat.az-ın məlumatına görə, “Xəzər TV”nin hazırladığı sujetdə bildirilib ki, restoranın zirzəmisinə yığılan su getdikcə artmağa başlayıb.
Şadlıq evini işlədən Ruslan Hüseynov bildirib ki, hadisə dünən olub. Bununla bağlı dərhal aidiyyəti quruma müraciət ediblər: “Məlum oldu ki, subasmaya səbəb istilik borusunun partlaması nəticəsində olub. Aidiyyəti qurum gec reaksiya verdi, ilkin olaraq özümüz generatorları qoşduq. Gəldikləri zaman isə texnikalarından biri yararsız olduğu üçün, geri qayıtdılar. İstəyirik ki, bu problem tezliklə aradan qalxsın ki, başqa fəsadlar yaranmasın”.
Məsələ ilə bağlı “Azəristiliktəchizat”dən bildirilib ki, magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmir: “Həmin ünvanda magistral xətdə qəza baş verib, hazırda tədbir görülməkdədir. Magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmək üçün aidiyyəti dövlət qurumları ilə razılaşdırılma aparılmalıdır. Həmçinin, ərazidə hərəkətin təhlükəsizliyi təmin edilməli və digər tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə iş aparılır, təcili texniki tədbirlər görülür və su çəkilir”.
Daha ətraflı videomaterialda: