Kirayə mənzil seçərkən aldanmamaq üçün nələrə diqqət edək? — AÇIQLAMA

GÜNDƏM 07 yanvar 2025, 19:34
"Bu istiqamətdə Azərbaycan təcrübəsi yanlışdır. Yerli ifadə ilə desək, əvvəllər "makler"lər müəyyən yerlərdə toplanırdılar. İnsanlar həmin yerlərə üz tuturdular. Proses daha sonra telefon vasitəsilə həyata keçirilməyə başlandı. Telefonlardan sonra saytlarda elanlar yerləşdirilməyə başlandı. Müasir dövr hər bir məlumat bazasının elektronlaşmasını tələb edir. Artıq saytlar vasitəsilə kirayə razılaşmaları və ödənişlər baş tutur. Əhalinin böyük əksəriyyəti ödənişləri nağdsız formada həyata keçirir. Bütün bu proseslər inkişafın göstəricisi olsa da, problemlər də meydana çıxır".


Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib.

"Banklar da xəbərdarlıq edir ki, insanlar öz kart şifrələrini deməsin, aldanıb ilkin ödəniş etməsin. Bütün bunlar sonradan problemlər yaradır. Bütün proses qanuni formada həyata keçirilməlidir. İstənilən təhlükənin aradan qaldırılması qanundan keçir. Şifahi razılaşma, heç bir əsası olmayan müqavilənin imzalanması ciddi sənəd deyil. Yalnız notarial təsdiqini tapmış müqavilə nəticəsində kirayə mənzil götürmək tövsiyə edilir. Müqavilə tərəflər üzərinə vəzifələr və hüquqlar qoyur. Müqavilə bağlandığı zaman 14% vergi ödənişi həyata keçirilir. Bununla bağlı şərtlər müqavilədə öz əksini tapır. Azərbaycan bu təcrübə populyarlıq qazanmayıb. Vətəndaşlarımız daha az xərc olsun deyə şifahi razılaşmaya üstünlük verirlər. İlkin ödənişlər avans şəklində edilir. Daha sonra həmin pullar geri qaytarılmaya bilir. İnsanlarda belə bir fikir var ki, beh geri qaytarılmamalıdır. Bunun da heç bir hüquqi əsası yoxdur".

O bildirib ki, vətəndaşla kirayə verən şəxs arasında sonrada hər hansı anlaşılmazlıq olduqda da problemlər yaranır:

"Məsələn, kirayə götürən şəxs ətraf mənzillərə hər hansı problem yaradarsa, hansı qanun tətbiq oluna bilər, öhdəlik kimin üzərindədir kimi suallar ortaya çıxır. Belə problemlərin olmaması üçün müqavilə əsasdır.

Heç bir halda çıxarış üzərində adı olan şəxsin razılığı olmadan mənzil kirayə götürülə bilməz. İnsanları mənzil mənə təhvil verilib, açarı məndədir deyib aldada bilirlər. Müqavilə kirayə mülkiyyət hüququ olan şəxs və ya etibarnaməsi olan biri ilə bağlanmalıdır. Vətəndaşlarımız bu mövzuda maariflənməlidir. Hər şey qanunun üzərindən olmalıdır ki, problemlər olmasın.  14% vergi ilə baha başa gəlsə də, sonradan yaranacaq problemlərin qarşısı alınmış olur".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 17:42
Top