Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.
Bunu Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bildirib.
Məlumata görə, 14 nəfərdən 13-ü palataya, biri isə reanimasiya şöbəsinə yerləşdirilib.
“Təqribən 3-4 nəfərin vəziyyəti orta ağırdır. Hal-hazırda dəyərləndirmə aparılır. Digərləri isə kafi vəziyyətdədir. Xəstələrin əksəriyyəti 24-48 saatlıq müşahidədən sonra evə buraxıla bilərlər”, – direktor müavini vurğulayıb.
O, eyni zamanda, reanimasiyaya yerləşdirilən şəxsin vəziyyətinə də aydınlıq gətirib: “Küt bədən travması, baş-beyin silkələnməsi, döş qəfəsinin küt zədələnməsi olan xəstəmiz var”.
Xatırladaq ki, daha əvvəl “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınmışdı.(Report)