Maaşlar 16 faizə qədər artırılıb — RƏSMİ

İQTİSADİYYAT 27 dekabr 2024, 15:26
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Nazirlər Kabinetinin maaş artımı ilə bağlı son qərarlarını şərh edib. 

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqı 2025-ci il yanvarın 1-dən 400 manata çatdırılacaq. 

Bununla əlaqədar Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının da həmin Sərəncama uyğunlaşdırılması üçün onların əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib. 

19 pillədən ibarət yeni Cədvəlin pillələri üzrə maaşlar 16 faizədək artırılıb. Cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 345 manatdan 400 manata çatdırılmaqla digər pillələrdə də maaşlar artımlarla əksini tapıb. 

Əmək haqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilər sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlardır. 
 
Həmçinin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri, idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşları yeni artımlarla təsdiqlənib. 

Xatırladaq ki, dövlət başçısının yeni sərəncamı ilə gələn ildən icra olunacaq növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top