"Gənclər hamiləlikdən qorunma vasitələrinə üstünlük verirlər" — Abortların sayı necə azaldıla bilər?

GÜNDƏM 26 dekabr 2024, 14:40
Krımda abortlarla bağlı qərar qəbul edilib. Krım Dövlət Şurası qadınları aborta məcbur edənlərə qarşı inzibati cərimələr tətbiq edəcək. Qadını aborta sövq etməkdə təqsirli bilinən vətəndaşı 3 min rubldan 5 min rubla qədər cərimə gözləyir. Məmurlar üçün bu məbləğ 25 ilə 50 min, hüquqi şəxslər üçün 200 ilə 500 min rubl arasında olacaq. Azərbaycanda da abort halları geniş yayılıb. Bəzi ailələrdə həyat yoldaşı, qaynana, qaynata tərəfindən qadın aborta məcbur edilir. Ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında deyib ki, arzuolunmaz hamiləlikdən qorunmaq üçün insanlar dünyaya uşaq gətirməyin məsuliyyətini dərk etməlidirlər:

“Bu günə qədər eşitməmişik ki, ölkədə hansısa qadın gedib polisə şikayət etsin ki, həyat yoldaşım, qaynanam, qaynatam məni abort etdirməyə məcbur edir. Şəxsən mən belə bir şey eşitməmişəm, real həyatda belə halla qarşılaşmamışam. İnanmıram ki, qadın aborta məcbur edilməsi barədə şikayət etsin. Abort həmişə olub, indi də var. Müsbət haldır ki, indi gənclərin bir hissəsi hamiləlikdən qorunma vasitələrinə üstünlük verirlər”. 

Həkim-ginekoloqun fikrincə, abortun qarşısının alınması üçün çıxış yolu ilk növbədə maarifləndirmə işlərinin aparılmasıdır: 

“Amma bu iş kağız üzərində deyil, həqiqi mənada aparılmalıdır. İnsanlar başa düşməlidirlər ki, hamiləliyi ya istəməlisən, ya da istəməməlisən. Arzuolunmayan hamiləlikdən qorunma yollarını qadın bilməlidir ki, yolu aborta düşməsin. Nə qədər ki, maarifləndirmə işi lazımi şəkildə təşkil olunmayacaq, abortların sayı da çox olacaq. Bundan qaçmaq mümkün deyil. Maarifləndirmə işləri elə aparılmalıdır ki, effekti olsun. Hansı yaş qrupları ilə necə iş aparılmalı olduğu müəyyənləşməlidir. Belə olarsa, düşünürəm ki, ölkədə abortların sayına təsir edər. Qadınlar abortu arzuolunmayan hamiləlikdən çıxış yolu kimi görürlər, nəinki qorunmağı. Hormonal qoruyucu vasitələrin zərərli olduğunu düşünürlər. Spiral qoyulmasını təklif etdikdə deyirlər ki, filankəsin başına iş gəldi, edə bilmərəm. Və ya digər kontroseptiv vasitələrə də pul çatdıra bilmərik deyirlər. Abort qadın sağlamlığı üçün zərərlidir. Qadınlar bilməlidirlər ki, hamiləlikdən qorunma vasitələrindən istifadə etməklə arzuolunmaz hamiləlikdən qorunmuş olar, abort etdirməli olmazlar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top