İnsanlarımız niyə aqressivdir — Psixoloqlardan səbəblər

MARAQLI 23 dekabr 2024, 17:14
Bu gün ölkədə uşaqdan tutmuş böyüyədək hər kəs çox aqressivdir. İctimai nəqliyyatda, işdə, küçədə insanlar bir-biri ilə kobud davranır. Bəzən xırda bir məsələ üstündə münaqişə edir, dalaşır, qarşısındakı insana fiziki təzyiq göstərir, hətta soyuq silaha belə əl atırlar. Bəs insanlardakı bu qədər gərginlik və aqressiyanın səbəbi nədir?

Psixoloq Vəfa Əkbər deyir ki, maddi durumun aşağı olması, ağır həyat şəraiti, ürəyincə olmayan iş yeri, iş qrafikinin həddindən artıq uzun olması, istirahət zaman ayıra bilməməsi insanlarda aqressivlik yaradır:



“İnsanın təməl təlabatlarının ödənməməsi aqressiyaya səbəb olur. Təbii ki, problemin kökündə iqtisadi böhran və ya maddi sıxıntılar varsa, bu vəziyyət həmin insanın yuxusunu da ərşə çəkəcək, əsəblərini də pozacaq. Belə olduqda, insan həmişə gərgin, narahat olur, elə düşünür ki, hər kəs onun haqqına girir. Həm də düşünür ki, özünü yetərincə müdafiə edə bilmir. Elə insanların bilmədən ayağını yüngül tapdalasanız, yaxud da qoluna toxunsanız, artıq üsyan baş verir. Çünki elə düşünür ki, qarşı tərəf onun şəxsi ərazisinə girib, rahatlığını əlindən almaq istəyir. Elə insanlar var ki, daxilindəki aqressiyanı, gərginliyi boğa və təmkinini qoruyub saxlaya bilir. Daxilindəki gərginlik və aqressiya ilə ancaq özünə zərər verir. Amma bəzi insanlar emosionaldır və daxilindəki aqressiyanı gizlədə, əsəblərini cilovlaya bilmir. Ətrafındakı insanlarla kobud davranır, yersiz mübahisələr edir, səbəbsiz yerə dava salır, şiddət göstərir. Qarşı tərəfə xəsarət yetirmədən, ciddi bir hadisə törətmədən sakitləşmir”.


Psixoloqun sözlərinə görə, mümkün qədər əsəb, stress yaradan insanlar və ortamdan uzaq durmaq lazımdır:


“İnsan gərək ürəyincə olan işlə məşğul olsun. İşindən zövq alsın, istəmədiyi işdə çalışmasın. İnsan ürəyincə olmayan, istəmədiyi bir işdə çalışanda aqressivləşır. Onun daxillindəki əsəb, gərginlik davranışlarına da sirayət edir”.

Vəfa Əkbər vurğulayıb ki, baş verən hadisələrə mümkün qədər reaksiyaverməməyə, emosiyaları cilovlamağa çalışmaq lazımdır. Əgər insanlar aqressivləşmək istəmirlərsə, hadisələrə tez reaksiya verməməlidirlər: “İnsan öz istəyi əsasında aqressiyasını aradan qaldıra bilər. Aqressiya insanın emosional hissidir və bunu idarə etmək insanın öz əlindədir. İnsan gərək özünü müsbətə kökləməyi bacarsın. Çünki aqressiya ilə problemi aradan qaldırmaq, onu həll etmək mümkün deyil. Əksinə, məsələyə aqressiya ilə yanaşanda vəziyyət daha kritik hədd alır. Aqressiyanı aradan qaldırmaq üçün psixoloq köməyindən də istifadə edilə bilər. Psixoloqla aparılan söhbətlər insanların sakitləşməsinə və daxildə olan aqressiyanın müəyyən qədər aradan qalxmasına yardımçı olur”.

Sosioloq Etibar Həsənovun dediyinə görə, aqressivlik daha çox maddiyatla bağlı olur. İnsanlar öz öhdəliklərini və ailə qarşısında borcunu ödəyə bilməyəndə əsəbləşir, aqressiv olur:

“Sosial problemlər və bu problemlərin qarşısında aciz olduğunu görən insan gərginlik keçirir, daim əsəbi olur. Düşdüyü vəziyyətdən çıxış yolu tapmayanda isə aqressiya pik həddə çatır”.

Sosioloq qeyd edib ki, iş şəraitinin çətin, işin ağır olması da insanlarda aqresivlik yaran səbəblərdəndir:


"Bu gün yüzlərlə insan az məvacibə ağır işlərdə, uyğun olmayan iş şaraitində çalışmaq məcburiyyətindədir. Aldığı pulla isə ailəsini normal dolandıra bilmir. Belə insan necə başqaları ilə normal davrana bilər?”

Sosioloq Lalə Mehralı deyir ki, insanların güzəranı yaxşı olsa, maddi və mənəvi sıxıntısı olmasa, ətrafındakılarla rəftarı və davranışları da yaxşı olar:




“Küçədə gedərkən qarşımıza çıxan insanın sifətinə baxmaqla onun necə həyat yaşadığını çox asanlıqla müəyyən edə bilirik. İnsan daxili təlatümünü nə qədər gizlətməyə çalışsa da, bu, onun sifətinə sirayət edir. İnsanın daxilindəki gərginlik və aqresiya davranışlarına da təsir göstərir. Çox təəssüf ki, bu gün problemsiz insan yoxdur. Ona görə də insanlarımızın çoxunda aqressiya görürük.İnsan xoşbəxt olanda əsəbi, gərgin olmur”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 dekabr 2024, 19:40
Top