Bakıda keçmiş arvadına xəsarət yetirən 32 yaşlı kişinin cəzası bəlli oldu – TƏFƏRRÜAT

HADİSƏ 17 dekabr 2024, 19:53
Bakının Xəzər rayonunda 1992-ci il təvəllüdlü Musa ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Samirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda baş verib. Musa həmin ərazidə yaşadığı nömrəsiz fərdi evdə keçmiş həyat yoldaşı Samirə ilə aralarında baş vermiş münaqişə zamanı əli ilə onun baş nahiyyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Samirə ilə 2012-ci ildə rəsmi nikahla ailə həyatı qurub və həmin nikahdan iki övladları var: “Aramızda olan ailə-məişət problemlərinə görə 2023-cü ildə Lerik Rayon Məhkəməsinin qətnaməsinə əsasən boşandıq. Boşandıqdan sonar Samirə yaşamağa yeri olmadığı üçün və bir sıra maddi problemlər səbəbindən o, mənimlə birlikdə Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamağa davam etdik”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat 23:30-da birlikdə yaşadıqları evdə keçmiş həyat yoldaşı Samirə ilə aralarında olan mübahisə səbəbindən ona əsəbi olduğu üçün əli ilə baş nahiyəsindən bir dəfə vuraraq qəsdən bədən xəsarəti yetirib: “Mübahisəyə səbəb onunla birlikdə yaşamaq istəməməyim olub. Bu barədə özünə bildirsəm də, evdən çıxmaq istəmədi. Daha sonra isə evdən çıxaraq getdim. Hadisə baş verən zaman yanımızda heç kim olmayıb, uşaqlar evin digər otağında yatmış vəziyyətdə olub”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Musa 5 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalında həbsdən azad edilib. Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top