İslam dünyası elmi potensialını gücləndirməlidir — İlahiyyatçı alimdən ÇAĞIRIŞ

GÜNDƏM 04 dekabr 2024, 15:28
Xəbər verdiyimiz kimi, Şuşada "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu” keçirilib. 

Tədbirdə qeyd olunub ki, Azərbaycanda 134 elmi müəssisə var və bu müəssisələrdə 14 min tədqiqatçı fəaliyyət göstərir. Onların da əksəriyyəti gənclərdir. Həmçinin, gənclərin süni intellektə olan marağından və bu sahədə inkişafın labüdlüyündən danışılıb. 

AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Elmir Babayev deyib ki, biz süni intellekt və yeni kəşflərdən az istifadə edirik: 

“Bu sahələrdə inkişafın sürətlənməsi üçün gənclər arasında kimya üzrə təhsili də artırmaq, bu sahədə tədqiqatları gücləndirmək lazımdır", - deyə o qeyd edib. 

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, İslam dünyası hazırda tarixi, mədəni və dini mirasına hörmət edərək müasir qlobal çağırışlara cavab verə biləcək elmi potensialını gücləndirməlidir.

O,  Şuşada keçirilən “SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu” kimi təşəbbüslərin bu məqsədə çatmaq üçün əhəmiyyətli platformalar yaratdığını bildirib:

“Belə tədbirlərdə qeyd olunan gənclərin elmə marağı, onların potensialının düzgün istiqamətləndirilməsi ilə daha təsirli nəticələr əldə edilə bilər. Elmi prioritetlər baxımından bəzi sahələr diqqət mərkəzində olmalıdır. Bunlardan birinici texnologiya və İKT-dir (İnformasiya və Kommunikasiya Texnologiyaları). 

Müasir dünyanın inkişafı texnologiya ilə bağlıdır. Müsəlman gənclər süni intellekt, məlumat elmi, kiber təhlükəsizlik və şəbəkə texnologiyaları üzrə ixtisaslaşaraq həm öz ölkələrinin rəqabət gücünü artırmalı, həm də qlobal səviyyədə müsəlman dünyasının imicini gücləndirməlidirlər.İKT sahəsində müstəqilliyin təmin edilməsi üçün milli texnologiyaların yaradılmasına xüsusi diqqət ayrılmalıdır”.

Ə.Həsənov söyləyib ki, bir çox müsəlman ölkələri enerji resursları ilə zəngindir:

“Bu sahədə gənclər alternativ enerji mənbələrinin inkişafı, enerji effektivliyi və ətraf mühitin qorunması istiqamətində tədqiqatlar aparmalıdır. Su və ərzaq təhlükəsizliyi də qlobal miqyasda əhəmiyyət kəsb edir və İslam dünyasında gənc alimlərin diqqət mərkəzində olmalıdır.
Qlobal pandemiyalar, genetik xəstəliklər və səhiyyə problemləri İslam dünyası üçün də aktualdır. Gənclər bu sahədə dərman istehsalı, biotexnologiya və epidemiologiya üzrə araşdırmalar etməli və İslamın insani dəyərlərinə uyğun olaraq tibbi xidmətlərin inkişafına töhfə verməlidir”.

Ekspertin fikrincə, qlobal güclərin müsəlman dünyasına təhdidləri yalnız iqtisadi və hərbi deyil, həm də ideoloji və mədəni sahələrdədir:

“Müsəlman gənclər sosial elmlər, tarix, beynəlxalq münasibətlər və etik tədqiqatlarla məşğul olaraq İslam dəyərlərini dünyaya tanıtmalı, İslamofobiyaya qarşı mübarizə aparmalıdır.
Müdafiə sənayesi müstəqilliyin təmin olunmasının əsaslarından biridir. 

Gənclər yüksək texnologiyalı müdafiə sistemlərinin inkişafına, o cümlədən pilotsuz uçuş aparatları, süni intellekt texnologiyaları və kosmik tədqiqatlara diqqət yönəltməlidirlər”.

İlahiyyatçı onu da əlavə edib ki, İslamın zəngin mədəni və elmi irsi daha geniş kütlələrə çatdırılmalı və rəqəmsallaşdırılaraq gələcək nəsillərə ötürülməlidir:

“Bu sahədə fəal iş aparan alimlər İslam dünyasının intellektual tarixinin bərpasına və yayılmasına kömək edə bilər. Elmi inkişafın təmin edilməsi üçün aşağıdakı təklifləri verə bilərik. 

İslam ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlıq gücləndirilməli, birgə tədqiqat mərkəzləri və layihələr yaradılmalıdır. İslam ölkələrində təhsil daha çox yaradıcı düşüncə və innovasiyalara yönəldilməli, dünya səviyyəsində rəqabətə davamlı universitetlər yaradılmalıdır. Gənclərin elmi tədqiqatlarına dəstək olmaq üçün hökumətlər və xüsusi sektor tərəfindən geniş maliyyələşdirmə təmin edilməlidir”.

Son olaraq Ə.Həsənov söyləyib ki, İslam dünyasının gəncləri elmin müxtəlif sahələrində inkişaf edərək yalnız öz ölkələrinin deyil, ümumilikdə müsəlman dünyasının mövqeyini gücləndirə bilərlər:

“Onlar texnologiya, biotexnologiya, sosial elmlər və müdafiə sənayesi kimi strateji sahələrdə öz biliklərini artırmaqla həm qlobal təhdidlərə cavab verə, həm də yeni inkişaf perspektivləri yarada bilərlər. İslamın insani və elmi dəyərlərinə əsaslanan bu səylər müsəlman dünyasını daha güclü, müstəqil və rəqabətə davamlı edəcəkdir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top