“Növbəti parlament seçkilərində qalib gəlmək şansı sıfıra bərabərdir...” — Paşinyan vədini yerinə yetirəcək?

SİYASƏT 26 noyabr 2024, 13:39
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasına müsahibəsində deyib ki, Azərbaycanla danışıqlar prosesində müsbət irəliləyişlər var. O, mümkün sülh müqaviəsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəyini bildirib. Baş nazir ardınca onu da qeyd edib ki, sülh müqaviləsi imzalanacağı təqdirdə İrəvan Bakıya qarşı iddialarından əl çəkməyə hazırdır. Paşinyanın fikrincə,  keçmiş hadisələrə görə heç kim bir-birini məhkəməyə verməməlidir və  tərəflər qarşılıqlı olaraq iddialardan imtina etməlidirlər. 

Nikol Paşinyanın fikirlərinə münasibət bildirən politoloq Natiq Miri qeyd edib ki, Ermənistan cəbhədə məğlub olmasına rəğmən danışıqlar masasında Azərbaycanla bərabər statusda çıxış edir və hər şeyin qarşılıqlı olmasını tələb edir. O, Demokrat.az-a açıqlamasında söyləyib ki, bu, Ermənistan dövlətinin gücü ilə əlaqədar deyil, sadəcə onun havadarları olan qlobal güclərin siyasi iradəsi və beynəlxalq hüququ ayaqları altına alması ilə əlaqəlidir: 

“Ermənistan məhz bundan irəli gələrək bəzi tələblər irəli sürür. Bu, məsələnin birinci və əhəmiyyətli tərəfidir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Ermənistan Azərbaycanın onun ərazilərini işğal etməsi ilə bağlı iddia qaldırıb. Guya Azərbaycan Ermənistan dövlətinə ziyan vurub və Qarabağdakı ermənilərə qarşı etnik təmizləmə aparıb. Ermənistan həmin insanların mülkiyyətinin Azərbaycan ərazisində qalması ilə bağlı Azərbaycana qarşı iddia qaldıra bilər. Doğrudur, bunu sübut etmək Ermənistan üçün o qədər də asan olmayacaq, amma nəzərə almaq lazımdır ki, artıq beynəlxalq hüquq belə ayaqlar altındadır”. 

Ekspert düşünür ki, Ermənistanın havadarı olan xristian dünyasının davranışlarına rəğmən onun təhlükəsizliyi böyük risk altındadır:
“Region ölkələri ilə normal münasibətlər sistemi qura bilməsə, kimsə gəlib Ermənistanın təhlükəsizliyini təmin edə bilməz. Bunu Ermənistan rəhbərliyi də tədricən anlamağa başlayıb. Yəni, Nikol Paşinyan sülh göyərçini deyil. Dünənə kimi Rusiyanın vassalı idisə, bu gün arxalandığı dövlətlərin vassalı olmaq təhlükəsi ilə üz-üzədir. Paşinyan anlamalıdır ki, onun suveren , müstəqil dövlət ola bilməsi Azərbaycan və Türkiyə ilə sülh razılaşmasından keçir. Ona görə də bugünkü gündə sülh daha çox Ermənistana lazımdır. Xalqa vəd etdiyi bir sülh sözü var, ona görə də erməni xalqı müharibədən sonrakı parlament seçkilərində Nikol Paşinyana səs verdi. Vədini yerinə yetirməsə, növbəti parlament seçkilərində qalib gəlmək şansı sıfıra bərabərdir”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 noyabr 2024, 13:31
Top