"Kvadrat metri 1000 manatdan ucuz mənzillər yoxdur" — Məcəllədə dəyişiklik

GÜNDƏM 23 noyabr 2024, 17:35
Bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşir.

Demokrat.az
Trend-in məlumatına istinadən xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə bu məsələ öz əksini tapıb.

Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Layihəyə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi qaydasının tənzimlənməsi məqsədilə Vergi Məcəlləsinin 130.6-cı maddəsinə tənzimləmə əlavə edilir. Beləliklə, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılacaq:

- tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;

- həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;

- faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.

Əmlak eksperti Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında deyib ki, bu, sırf texniki məqamdır, daha çox maliyyəçilərə aid olan bir məsələdir:

“ƏDV-nin geri qaytarıldığı tarixdən etibarən inşa edilməyə başlanan binalarda vergi ilə bağlı dəyişiklik oldu. 2022-ci ilin noyabr ayında vahid portal tərtib edildi. Vətəndaşlara ƏDV-nin 30 faizi geri qaytarıldı. İstər MTK, istər MMC – hər ikisi ƏDV ödəyicisi oldu. Habelə, binaya çəkilən xərclər nəzərə alınmaqla mənfəət hissəsinin 20 faizi vergiyə cəlb edildi. Bu isə qiymətlərdə ciddi artıma gətirib çıxardı. Belə ki, əvvəllər Bakı və Abşeronda vergi sövdələşməsi ilə 1 kvadrat metrə 65 ilə 110 manat arası vergi müəyyənləşdirilirdisə, hazırda bu rəqəmlə kvadrat metri 1000 manatdan ucuz mınzillər yoxdur. Vergi yükü 250, bəzən də 800-900 manata yüksəlir. 

Qeyd olunan məsələ ilə texniki məqamdır. Son illərdə tətbiq olunan vergi siyasətinin qiymətlərə təsiri barədə onu deyə bilərəm ki, sadələşdirilmiş vergi olan vaxt vergi yükü daha az idi. Hazırda isə ƏDV və mənfəətin 20 faizi mexanizmi ilə vergi yükü daha da artıb . Artan vergi yükünü də istehlakçı və alıcı olan vətəndaş ödəmiş olur”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
Top