Sumqayıtda ər arvadını döydü

KRİMİNAL 21 noyabr 2024, 16:11
Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Ruslan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mayaya (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayonda baş verib. Ruslan yaşadığı mənzildə həyat yoldaşı Maya ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əli ilə onun boynuna, qoluna və bədəninə 2-3 dəfə şillə, yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi nikahda olan arvadı Maya ilə birgə nikahlarından 2 övlad var: “2024-cu ilin yanvar ayında Sumqayıt şəhəri, 10-cu mikrorayonda olan mənzilə köçdük. Sumqayıt şəhərində qaldığımız müddətdə aramızda mütəmadi olaraq mübahisələr baş verib. Səbəbi isə Mayanın məndən icazə almadan evdən çıxaraq bilmədiyim yerlərə getməsi olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti günlərin birində günorta saatlarında Mayanın ondan icazə alaraq bacısının səhhəti pis olduğu üçün onlara getmək istədiyini bildirib: “Evə gec qayıtdığına görə aramızda mübahisə yarandı. Mən Mayaya yaxınlaşaraq 2-3 dəfə boynuna və bədəninə vuraraq onu döydüm. Növbəti gün Mayanın məndən şikayət etdiyini öyrəndim. Mayanı döydüyüm üçün peşman olmuşam. Hazırda Maya ilə barışmışam”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ruslanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top