"İqlim dəyişmələrinə qarşı olan mübarizə birbaşa insan hüquqları ilə bağlıdır" — Politoloq

SİYASƏT 15 noyabr 2024, 15:35
"Konfransda Fransa və Hollandiya ilə bağlı səsləndirilən fikirlər bu gün dünyanın iqlim dəyişmələrinə qarşı apardığı mübarizənin hədəfləri ilə bağlıdır. Burada söhbət onların özündə və hələ də müstəmləkə altında saxladığı ərazilərdəki ictimai-siyasi, sosial-iqtisadi hüquqlar uğrunda gedən mübarizədir. Sağlam mühit və iqlim dəyişmələrinə qarşı olan mübarizə birbaşa insan hüquqları ilə bağlıdır".

Bu sözləri Demokrat.az-a politoloq Aydın Quliyev deyib:

"İqlim dəyişmələrinin yaratdığı fəsadlar insan hüquqlarına ciddi şəkildə ziyan vurur. İqlim dəyişmələri insanların ən böyük hüququ olan yaşamağa qəsd deməkdir. İnsanların həyatı çətinləşir, yaşmaq üçün problem yaranır. Bu da insan hüquqlarının pozulmasına aid olan məsələdir".

O bildirib ki, Fransa və Hollandiyanın xalqlara etdiyi zülm, yaşayışlarını süni şəkildə çətinləşdirməsi, atmosferi zəhərləməsi, müxtəlif radiasiyalar ilə suyu çirkləndirməsi bu ərazilərdə insanların yaşayışı üçün yeni problemlər yaradır:

"Dünyanın Azərbaycan kimi mütərəqqi dövlətləri kiçik ada ölkələrinin əlverişsiz atmosfer şəraitində yaşamasından narahatlığını bildirir. Onların bu vəziyyətdən daha az itki ilə çıxmasını təmin etməyə çalışır".

O qeyd edib ki, digər yandan Fransa xalqları müstəmləkə altında saxlayır, hüquqlarını təmin etmir, yaşayışını çətinləşdirir:

"Fransa və Hollandiyanın etdiklərinin COP29-da Azərbaycan Prezidenti tərəfindən tənqid edilməsi tam əsaslıdır. Belə vəziyyətdə yaxşı olar ki, Fransa Azərbaycanın tənqidlərinə müxtəlif şəkillərdə reaksiyalar verməkdənsə, müstəmləkədə saxladığı xalqların yaşam standartlarını yüksəltsin. Fransa çox yaxşı olar ki, həmin xalqların iqlim dəyişmələrindən gördüyü ziyanları kompensasiya etsin, özünün milyardlarla vəsaitini bu işə sərf etsin. Azərbaycan Prezidentinin haqlı tənqidindən sonra Fransanın Təbii Ehtiyatlar Nazirinin parlamentdə tənqidləri qəbul edilməz adlandırması absurddur. Bunun cavabı həm insanlar, həm də tarix tərəfindən veriləcək".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top