Nağdsız alışların vətəndaşlara hansı faydaları var? — AÇIQLAMA

SOSİAL 05 noyabr 2024, 14:08
Nağdsız alışlar vətəndaşa daha yüksək faizlə ƏDV təklif edir. Pul həm cibimizdə, həm də zehnimizdə daha az yer tutur. Nağdsız ödənişlərin vətəndaşlarla birlikdə dövlət iqtisadiyyatına olan faydaları da xeyli saydadır. 

Nağdsız alışlar eyni zamanda bir çox qanunsuzluqların da qarşısını almış olur.

Ödəniş kartlarının ölkə iqtisadiyyatına faydası haqqında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Demokrat.az-a danışıb:

"Azərbaycanda nağdsız ödənişlərin həcmi artmaqdadır. 2024-cü ilin 9 ayı ərzində ölkə üzrə ödəniş kartlarının ümumi sayı 18 milyon 923 min ədəd olub. Sosial kartların həcmi 3 milyon 300 min, əmək haqqı kartları 2 milyon 800 min, kredit kartlarının həcmi isə 2 milyon 273 min ədəddir. 

Statistikaya əsasən, nağdsız ödənişlərin həcmi, elektron ticarət sahəsində 94 milyonu keçib. Bütün bu rəqəmlər deməyə imkan verir ki, ölkədə nağdsız ödənişlər geniş vüsət alır. 2023-ün ilk 9 ayındaki rəqəmlərə nəzər saldıqda, kartların sayında 4 milyondan çox artım görürük".

Ekspert bildirib ki, ödənişlərin nağdsız qaydada həyata keçirilməsi şəffaf iqtisadiyyatın önə çıxması, həcminin müəyyən edilməsi kimi imkanlar yaradır:

"Nağdsız alışların ölkə iqtisadiyyatına dair müsbət tərəfləri çoxdur. Ümumdaxili məhsulların real həcmi müəyyən edilir, firmalar, müəssisələr tərəfindən həyata keçirlən əməliyyatlar görünür, dövriyyədə olan vəsait bilinir və buna uyğun tələb-təklif irəli sürülür. 

Dövriyyədən yayınan vəsaitlərin həcmi azalır. Bütün bunları nəzərə alaraq demək olar ki, nağdsız əməliyyatlar böyük əhəmiyyət kəsb edir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top