İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib — FOTOLAR

MƏDƏNİYYƏT 02 noyabr 2024, 23:36
Xəbər verdiyimiz kimi, noyabrın 2-də 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. 

Azərbaycan "Uşaqlıq şənlikdir" şüarı ilə keçirilən sərginin "fəxri qonaq ölkə"sidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi məkanında ölkəmizin böyük stendi qurulub.

Sərgidə Azərbaycanın tanınmış yazıçılarından ibarət geniş nümayəndə heyəti iştirak edir. Sərgi məkanında və Azərbaycan stendində imza mərasimləri, ədəbi müzakirələr, müxrəlif ölkələrdən naşirlərin işgüzar görüşləri təşkil olunur.

Azərbaycan yazıçılarının iştirakı ilə keçirilən ilk panel “Sosial media çağında yazmaq” mövzusuna həsr olunub. Esseist, ədəbiyyatşünas Qismət Rüstəmovun moderatorluğu ilə keçirilən müzakirədə yazarlar Sahilə Yaya, Ulucay Akif və Rəvan Cavid iştirak ediblər.

Qeyd olunub ki, çağdaş dünyada texnoloji yeniliklər insanın fəaliyyət və davranışlarına sanki bir sürət və tələsgənlik gətirib. Buna görə də yazıçıların maraqlı mövzular seçməsi və diqqətçəkən üslub nümayiş etdirməsi zəruridir.

Yazarlar oxucuları maraqlandıran sualları cavablandırıblar. Səsləndirilən təkliflərlə bağlı müzakirə aparılıb.

Həmin gün Azərbaycan stendində yazıçılar Günel Şamilqızının "Div olanda nə olar" (povest və hekayələr) və Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi” (hekayələr) kitablarının imza mərasimi keçirilib. Şair, tədqiqatçı, esseist Fərid Hüseyn hər iki yazar və kitabları haqqında məlumat verib. 

Bildirilib ki, hər iki nəşrAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı gənclik seriyası” üzrə 2020-ci ildə Türkiyədə "Zengin yayıncılık" nəşriyyatında 5000 tirajla çap olunub. Kitabları tanınmış şair-tərcüməçi Yurtseven Şen türkcəyə uyğunlaşdırıb.

Sonra müəlliflər kitabları oxucular üçün imzalayıblar.

Həmin gün daha bir panel müzakirəsi uşaq ədəbiyyatına həsr edilib.

Yazıçı Sahilə Yayanın aparıcılığı ilə reallaşan panelin qonaqları tanınmış uşaq yazarları Solmaz Amanova və Sevinc Nuruqızı olub. Yazarlar uşaq ədəbiyyatının əhəmiyyətini vurğulayıb, bu qəbildən əsərlərin uşaqların estetik zövqünün, dünyagörüşünün zənginləşməsində müstəsna rol oynadığını bildiriblər.

Qeyd olunub ki, uşaqlar nə qədər bədii ədəbiyyata maraq göstərsələr, zərərli vərdişlərdən və informasiyalardan uzaq olarlar.

Sonra müzakirə şəklində davam edən tədbirdə müəlliflər sualları cavablandırıblar.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top