Maaş və pensiya neçə faiz artacaq?

SOSİAL 01 noyabr 2024, 09:19
Təkliflər təqdim olunduqdan sonra konkret artım faizlərinin müzakirəsi mümkün olacaq, çünki bu olmadan pensiya və əmək haqlarının hansı faizlə artacağını dəqiq söyləmək mümkün deyil.

Demokrat.az xəbər verir ki, bu sözləri axar.az-a iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, parlament Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqı və pensiyaların artırılması ilə bağlı təklifləri müzakirə etmək üçün gözləyir:

"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təkliflər təqdim olunduqdan sonra artıq konkret müzakirələrin aparılması mümkün olacaq. Nəzərə alsaq ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunub. Növbəti il sosial təminat və sosial müdafiəyə beş milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2024-cü illə müqayisədə 14 faiz çoxdur. Eyni zamanda dövlət büdcəsinin xərclərinin 45 faizi sosial istiqamətə yönəldiləcək. Bu da ondan xəbər verir ki, növbəti il sosial paketin dərinləşməsi prioritet olaraq qalacaq".

Millət vəkili qeyd edib ki, artımlar inflyasiya səviyyəsinə uyğunlaşdırılmalıdır:

"Bizim artımlarla bağlı təkliflərimiz ondan ibarətdir ki, minimum maaş və minimum pensiyada artımlar 2023-2024-cü illərdəki inflyasiya nəzərə alınmaqla reallaşsın. Çünki xüsusən 2023-cü ildə qiymət artımları daha yüksək olub. Fiskal imkanlar çərçivəsində inflyasiya səviyyəsinin tam olaraq minimum əmək haqqı və minimum pensiya artımlarında əks olunması və nəzərə alınması məqsədəuyğundur. Nəzərə alsaq ki, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artıb, gözlənti ondan ibarətdir ki, artım faizi 2 rəqəmli olacaq. Biz bu istiqamətdə Milli Məclisdə müzakirələr zamanı təkliflərimizi təqdim edəcəyik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top