Samuxda qayınata kürəkənini bıçaqladı — TƏFƏRRÜAT

KRİMİNAL 31 oktyabr 2024, 21:17
Samux rayonunda 1956-cı il təvəllüdlü Bəhram şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı kürəkəni Vaqifə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 15-də Samux rayonunun Burunqovaq kəndində baş verib. Bəhram fərdi yaşayış evinin qonaq otağında kürəkəni Vaqif ilə yeyib-içərkən onun oğlu Mahir ilə arasında əvvəllər yaranmış narazılıq üstündə onunla mübahisə edib. 

Mübahisənin davamı olaraq yaşadığı həmin evin həyətində olan çardağın altında Vaqifin onun və vəfat etmiş valideynlərinin ünvanına nalayiq söyüşlər söydüyü üçün orada yenidən mübahisə edib. Dalaşma prosesində Vaqifdən qisas almaq məqsədilə həmin yerdə olan masanın üzərindən bıçağı götürüb və həmin bıçağın kəsici-deşici hissəsi ilə Vaqifin qarın nahiyəsinə qəsdən bir dəfə vurub. 

Hadisəni törədən Bəhramın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onlar yemək yeyən zaman, kürəkəni Vaqif onlara gəlib və həmin vaxt onlar az miqdarda spirtli içki qəbul ediblər: “Kürəkənimin oğlum ilə nəsə pul söhbətləri olub. Kürəkənim hər dəfə bu məsələni qabartmış və onun üzərinə gəlib. Hadisə olan gün Vaqif oğlum ilə aramızda olan söhbəti yenidən açdı. Söhbət uzandı, biz mübahisə edərək dalaşdıq. Daha sonra hər ikimiz çölə çıxdıq, siqaret çəkdik”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra kürəkəni ona hücum çəkib və pulunu alaçağını deyərək söyüş söyməyə başlayıb: “Sonra söhbətimiz səngidi. Mən siqaret çəkəndə kürəkənim artıq üzərimə hücum çəkdi. Mən yaşlı olduğum üçün Vaqifə gücüm çatmadığından bıçağı götürdüm və kürəkənimə xəsarət yetirdim. Hadisə ani halda baş verib. Mən bilmədən kürəkənimə xəsarət yetirdim. Bizim səsimizə qızım və digər şəxslər gəlib. Bundan sonra qonşuda olan taksini çağırdım və kürəkənimi xəstəxanaya apardım. Mən həmin vaxt təcili tibbi yardıma da zəng etdim. Xəstəxanaya çatmamış təcili tibbi yardım birqadası gəldi. Kürəkənimi Gəncə şəhərində olan xəstəxanalardan birinə gətirdilər. Bundan sonra mən də övladım olduğu üçün kürəkənimə müalicəsinə köməklik göstərmişəm”. 

Bəhramın ifadəsinə görə, daha sonra Samux Rayon Polis şöbəsinə çağırılıb: “Əvvəllər mənim Vaqiflə heç bir mübahisəm olmayıb. Vaqif məni qızımın yanında təhqir etdiyi, mənim ölümə söydüyü üçün, üzərimə hücum etdiyi üçün gücüm çatmadığından məcbur qalaraq kürəkənimə xəsarət yetirmişəm. Hadisədən sonra bıçağı özüm ilə götürmüşəm, polis idarəsinə təhvil vermişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vaqifin sözlərinə görə, Bəhramın oğlu Türkiyə Respublikasına yaşayır: “Onun övladı olub və qaynanam Türkiyə Respubikasına gedib. Mən arvadım ilə həftə sonları Bəhramın evinə getmişəm. Yoldaşım ona yemək bişirib və paltarlarını yuyub. Həmin günü də arvadım ilə Bəhramın evinə getdim. Arvadım həyəti və evi səhmana saldı. Daha sonra yemək yedik, spirtli içki qəbul etdik. Həmin vaxt arvadım balıq istədi. Bəhram balıq alaraq gətirdi. Həmin vaxt mən bir az artıq spirtli içki qəbul etmişdim. Mən Bəhramın oğluna qoyun alıb vermişdim. Oğlu isə satıb pulunu mənə  verməmişdi. Bundan sonra Bəhramın oğlu ilə aramızda narazılığımız oldu. Sonra gedərək oğlunun yanında işləmək istədim. Orada işi alınmadığı üçün qayıdıb evimə gəldim. Bundan sonra mən hər yerdə Bəhramın oğlunu pislədim. Bu hal isə Bəhrama xoş gəlmədi. Mən bu barədə danışanda Bəhram qızışdı. Mən həqiqətən də içkili olmuşam. Bəhrama qarşı nalayiq ifadələr işlətmişəm, Bəhram da məni təhqir edib”. 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhramın barəsində Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 4 il sınaq müddəti olmaqla 3 il 5 ay 28 gün şərti cəza alıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top