5 manat üstündə uşaqlıq dostları arasında qanlı dava — TƏFƏRRÜAT

KRİMİNAL 28 oktyabr 2024, 13:14
Bərdə rayonunda 1994-cü il təvəllüdlü Cavanşir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Məqsəd Hümbətova xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 4 fevral 2022-ci ildə, gecə saat 00:10-da Bərdə rayonunun Lək kəndində baş verib . 

Ağdam rayonunun Şahbulaq kəndində anadan olmuş Cavanşir Lək kəndində yaşayan Məqsədi həmin kəndin qəbiristanlığına çağırıb. O, hər hansı bir əsaslı səbəb olmadan borc qismində vermiş olduğu 5 manat pul borcunu vaxtında verməməsini bəhanə edib və Məqsədlə mübahisə edərək ünvanına nalayiq ifadələr işlədib. 

Cavanşirin vermiş olduğu 5 manat pulu Məqsədin geri qaytarmasına baxmayaraq həmin pulu cıraraq cırıqlarını onun üzərinə səpib. O, mübahisə və dava-dalaşın yaranmasına təşəbbüskarlıq göstərib və özü ilə gətirdiyi bıçaqla Məqsədin qarın nahiyyəsinə bir dəfə qəsdən vurub. 

Hadisəni törədən Cavanşirin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavanşir ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağdam rayonu Şahbulaq kəndində anadan olub, fərdi əməklə məşğuldur, evlərin təmir-tikinti işlərini görür: “Hadisə vaxtı da işğaldan azad edilmiş torpaqlarda fərdi yaşayış evlərin bərpası ilə məşğul olmuşam. Məqsədi isə uşaqlıqdan tanımışam. Onunla əvvəllər aramızda heç bir düşmənçilik və ədavət olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 3 fevral 2022-ci ildə yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndinə gəlib: “Bərdə rayonu Lək kəndində yaşayan tanışım Məqsəd ilə yolda görüşdüm. Söhbət əsnasında axşam görüşərək çörək yeyib danışmaq barədə razılaşdıq. Həmin gün saat 18 radələrində Məqsədlə birlikdə Bərdə şəhərində yerləşən çay evində oturaraq çay və pivə içdik. Söhbət vaxtı Məqsəd onu da işğaldan azad edilmiş torpaqlarda işləməyə aparmağımı dedi. Mən də ona xəbər edəcəyimi bildirdim. Gecə oradan çıxdıqdan sonra Bərdə şəhərində yerləşən “Saray” deyilən yerdə taksi ilə yaşadığımız evə gedəndə Məqsəd tanışı ilə görüşmək üçün məndən 5 manat pul istədi. Məqsədə cibimdə ancaq taksiyə vermək üçün 5 manat pulum olduğunu dedim. Məqsəd “eybi yoxdur, həmin pulu mənə ver, mən sənə sonra verərəm” dedi. 5 manat pulu Məqsədə verdim. Bərdə şəhərində yerləşən Çınqouz adlı yerdə taksidən düşdüm. Məqsəd tanışı ilə görüşməyə getdi. Təxminən yarım saat sonra gəldi. Məqsədə kəndə getmək üçün pulum olmadığını dedim. Məqsəd mənimlə mübahisə edərək “5 manatın söhbətini edirsən” dedi. Mənə nalayiq ifadələr işlətdi və 5 manat pulu çıxararaq verdi. Məqsədə “yekə oğlansan, cibində pul var, niyə mübahisə edirsən” dedim. Məqsəd adam puldan ötəri cırnamaz dedi”. 

Cavanşir bildirib ki, daha sonra 5 manatlıq əskinası cıraraq Məqsədin başına səpib və aralaşaraq evə gedib: “Fevralın 4-də, gecəyarısı Məqsəd mobil telefonuma zəng edərək Bərdə rayonu Lək kəndində yerləşən kənd qəbiristanlığına çağırdı, mənə nalayiq söyüş söydü. Məqsədə gözləməsini, gələcəyimi dedim. Ora gedəndə Məqsədin məni gözlədiyini gördüm. Məqsəd mənə “səni öldürəcəm, əgər ölməyib sağ çıxsan məndən şikayət etsən...” deyə nalayiq ifadələr işlətdi. Məni qəbirsanlığın içərisinə tərəf apardı. Qəbir daşlarının qarşısına çatanda Məqsəd mənə nalayiq ifadələr işlətdi və əlindəki bıçaqla məni vurmaq istədi. Mən zərbədən yayındım və Məqsədin əlindəki bıçaq yeri düşdüyü üçün bıçağı götürərək onun qarın nahiyəsinə bir dəfə vurdum. Bu zaman Məqsəd yerə yıxıldı. Əynimdəki maykanı çıxararaq “bizə bu lazım idi!?” deyərək Məqsədin qarnından qan axan yerə qoydum. Sonra təcili tibbi  yardıma zəng edərək xəsarət alan olduğunu bildirdim və çıxaraq getdim. Sonradan hadisə yerinə təcili tibbi yardım maşını gəldiyini gördüm və bıçağı hadisə yerinə tullayaraq işğaldan azad olunmuş Hadrut şəhərinə işləməyə getdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 26 dekabr 2023-cü ildə yaşadığı evdə olan zaman polis əməkdaşları onu saxlayaraq Bərdə Rayon Polis Şöbəsinə gətiriblər. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, hadisəyə səbəb Məqsədin ona qarşı nalayiq ifadə işlətməsi, sonradan da onu kənd qəbiristanlığa çağırıb xəsarət yetirmək istəməsi olub. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Məqsədin sözlərinə görə, hadisə gecə Lək kəndi qəbiristanlığında baş verib: “Hadisə aramızda heç nədən yaranmış mübahisə, içkili olmağımız ilə əlaqədar bir birimizin ünvanına nalayiq ifadə işlətməyimiz ilə bağlı olub. Cavanşirdən aralandıqdan sonra mənə nalayiq ifadələr işlədiyi üçün acıqlı olmuşam. Onu çağıraraq işlətdiyi ifadələrə görə məsələni aydınlaşdırmaq məqsədilə gecə yarı zəng edərək Cavanşiri qəbiristanlığa özüm çağırmışam. Cavanşir məndən bədəncə qüvvətli olduğu üçün aramızda dava olarsa özümü müdafiə etmək üçün yaşadığım evdən bıçağı da özüm ilə götürmüşəm. Cavanşir gəldikdən sonra aramızda yenidən mübahisə yarandı və biz süpürləşən zaman bıçaq əlimdən yerə düşdü. Mən Cavanşirə bıçaqla xəsarət yetirməsəm də, Cavanşir yerə düşmüş bıçağı götürərək 1 dəfə qarın nahiyyəmə vurdu. Sonra da maykasını çıxararaq yaramı  bağladı. Cavanşir mənim telefonumdan təcili tibbi yardıma zəng vurdu. Anam və qonşuların gəlməsini görərək hadisə yerindən uzaqlaşdı”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavanşir 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top