Qəribə canlılar Xaçmazı cənginə aldı — GÖRÜNTÜLƏR

HADİSƏ 09 oktyabr 2024, 17:43
Xaçmaz rayonunun Nabran və ətraf kəndlərinə “mərmər bağacığı” (mərmər taxtabiti) adlanan böcəklər kütləvi formada hücum edir. Çağırılmamış qonaqlar sakinlərə məxsus fərdi təsəərrüfatlarda qonur, nəticədə həmin bağlarda olan əksər bitkilər məhv olur.

Nabran sakinləri  Shimal.News-a bildiriblər ki, hazırda böcəklər evlərə də daxil olurlar. Onlar müxtəlif vasitələrlə mübarizə aparmağa çalışsalar da, zərərvericiləri tam məhv etmək mümkün olmayıb.

“Bundan əvvəl bağlara dolmuşdular, indi evlərə də hücum edirlər. Dərman da təsir etmir, artıq gücümüz çatmır. Biz aidiyyəti qurumlardan kömək istəyirik. Çünki bu böcəklərin qonduğu yer quruyur. Ağaclar, meyvələr məhv olur. Bundan əlavə, ətrafa pis qoxu da yayılır. Böcəklər iki rəngdə: yaşıl və qara rəngdədir. Əvvəllər kəndin ətrafında bağlar yox idi. Sonradan bağlar salındı, ağac və bitkilərə verilən dərmanlar quşların ərazidən yox olmasına səbəb oldu. Quşlar bu tip böcəkləri yeyir, yayılmasına imkan vermirdilər. İndi quşlar olmadığı üçün böcəklər sürətlə yayılırlar.”, – deyə sakin Səbinə İskəndərova şikayət edib.

Məsələ ilə bağlı Xaçmaz Bitki Mühafizəsi Mərkəzindən Shimal.News-a bildirildi ki, “məxmər bağacığı” adlanan böcək hazırda aktiv qışlama dövrü olduğu üçün yaşayış sahələrinə, münbit şərait olan tikililərə yaxınlaşır. Hazırda bu zərərvericilərə qarşı mexaniki üsullarla mübarizə aparılır.

“Yaşayış məntəqələrində biz kimyəvi üsullarla mübarizə apara bilmirik. Mexanik mübarizə, yəni topalayıb məhv etmə üsulundan istifadə edirik. Amma imkan olan yerlərdə, sahələrdə kimyəvi mübarizədən də istifadə edirik.  Müəyyən ərazilərdə tələlər qoymuşuq, o tələlərə baxış keçirəndən sonra böcəklərin harada olduğunu müəyyən edirik və müvafiq tədbirlər həyata keçiririk.”, – deyə Xaçmaz Bitki Mühafizəsi Mərkəzinin rəisi Əkbər Ceyhunov bildirib.

Məlumat üçün bildiririk ki, məxmər bağacığı adlanan böcək ən çox ziyanı ixracla məşğul olan sahibkarlara vura bilər. Çünki, ölkəmizdən Rusiya Federasiyasına icrac edilən hər hansı kənd təsərrüfatı məhsulunun içərisində “məxmər bağacığı” aşkarlanarsa, həmin məhsul geri göndərilir. Xüsusi təhlükəli olan bu zərərvericilər MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Rusiyanın Soçi şəhərində müşahidə olunub. Daha sonra Gürcüstana, Azərbaycana və Rusiyanın cənub ərazilərinə yayılıb.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top