10 ildən çoxdur ki, Azərbaycanda avtomobil istehsalına başlanılıb. Amma bu sahəninn araşdırıcıları hesab edir ki, bu müddət ərzində yerli avtomobillərin satış tempi aşağı düşüb.
Hazırda Naxçıvanda «Lifan», «FAW», «Changan», Neftçala zavodunda isə «Khazar», «AzSamand» və «Peugeot» markalı avtomobillər istehsal olunur. Son illər satışlarda müəyyən artış nəzərə çarpsa da, bazarda yerli istehsal maşınlar xaricdən tədarük edilən nəqliyyat vasitələrinə uduzmaqdadır.
Bəs görəsən, yerli avtomobillərin satışının stimullaşdırılması üçün bəzi güzəştlər tətbiq edilə bilərmi?
Mövzü ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, yerli istehsal maşınlarla bağlı gömrük xərcləri və əlavə dəyər vergisi aradan qaldırılmalıdır:
“Ümumiyyətlə, əgər bir ölkədə hansısa sahə üzrə yerli istehsal varsa, bunun satışının təşkili üçün daxildə müəyyən dərəcədə stimullaşdırıcı şərtlər də tətbiq edilməlidir. Bu bazarda tələbatın saxlanması və alıcılıq qabiliyyətinin itməməsi üçün olduqca vacibdir. Hesab edirəm ki, gömrük xərcləri, əlavə dəyər vergiləri kimi rüsumlardan yerli istehsal avtomobilləri azad etmək olar. Bu qiymətin daha ucuz olmasına və alıcılıq qabiliyyətinin artmasına kömək edəcək. Avtomobilin maya dəyərinin üzərinə hər hansı bir faiz gəlirləri əlavə etmədən, birbaşa kredit yolu ilə satışını təşkil etmək də alıcılar üçün cəzbedici faktordur. Burada xüsusən keyfiyyətin yüksəldilməsi məsələsi əsas amillərdən biridir”.
Ekspertin fikrincə, bu kimi addımlar daxili bazarda yerli maşınların daha yüksək rəqabət etməsinə şərait yaradacaq:
“Bildiyim qədəri ilə istehsal olunan son model avtomobillərdə ən çox özünü göstərən problemlərdən biri, komplektasiya ilə bağlıdır. Maşının müasir standartlara cavab verməsi, dizayn məsələləri, onun ötürücü mexanizmlərinin avtomatlaşdırılması ilə bağlı problemlər var. Bu tipli problemlər aradan qaldırılarsa, təbii ki, Azərbaycanda istehsal olunan avtomobillər həm bazarda mövqeyini möhkəmləndirər, həm də rəqabətdə önə çıxar. Bu, eyni zamanda avtoparkın yenilənməsi üçün əlverişli olar. Əgər eyni keyfiyyətdə və tələbələrə cavab verən avtomobil daxili bazarda istehsal olunarsa və digər rüsumlardan azad edilərsə, az qala yarıbayarı qiymət fərqi yaranacaq. Eyni zamanda yerli istehsal avtomobillərin ehtiyat hissələri də aksiz rüsumlarından azad olunmalıdır”.