Aqro-ərzaq sektorunda və atmosferin mühafizəsi istiqamətində iqlim tədbirləri gücləndirilir

GÜNDƏM 28 sentyabr 2024, 17:41
Bu il Azərbaycanda iqlim dəyişikliyi mövzularında beynəlxalq tədbirlərin keçirilməsi, qlobal problemlərin müzakirə edilməsi ilə seçilir. İqlim dəyişikliyinin nəticələri hər sahədə özünü göstərir. Bunlardan biri də aqrar sektordur. İqlim dəyişikliyinin səbəb olduğu su çatışmazlığı, torpaqların şoranlaşması, əkinə yararlı torpaq sahələrinin azalması kənd təsərrüfatı sektorunda özünün büruzə verən ciddi problemlərdir. Bakıda “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi” mövzusunda keçirilən regional iqlim seminarında dünyada qlobal iqlim dəyişmələri və antropogen amillərin təsiri altında əkinə yararlı torpaqların deqradasiyaya uğradığı, şirin su ehtiyatlarının azaldığı qeyd olundu. Bildirildi ki, qlobal iqtisadiyyatda aqrar sahənin inkişafına təsir edən başlıca amillərdən biri də məhz iqlim dəyişikliyidir. Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov söylədi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişafa dair baxış və strategiya müəyyən edilərkən “yaşıl artım” milli prioritetlərdən biri kimi qəbul edilib. Bu prioritetə uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, torpaq və su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində davamlı işlər aparılır. Tədbirdə Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat hökumətin davamlı aqro-ərzaq sistemlərinin təşviqi, iqlim dəyişikliyi ilə mübarizəyə mühüm önəm verdiyini vurğulayıb. 



Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Demokrat.az-a açıqlamasında iqlim dəyişikliyinin nəinki kənd təsərrüfatına, əkinə yararlı torpaq sahələrinin azalmasına, şirin su ehtiyatlarının tükənməsinə, eyni zamanda insanların sağlamlığı üçün də ciddi risklər yaratdığını deyib:



“Bu gün bu məsələ dünyanın diqqət mərkəzindədir. "Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi" mövzusunda keçirilən regional iqlim konfransının məqsədi də bu problemə diqqəti artırmaqdır. Konfransda söylənən fikirlər reallıqları əks etdirir. Bu gün dünya şirin su ilə yanaşı suvarma suyu çatışmazlığı problemi ilə qarşı-qarşıyadır. Problem getdikcə ciddiləşir. Dünyada baş verən proseslər Azərbaycandan da yan keçə bilməz. İqlim dəyişiliyi ucbatından yaranan problemlər Azərbaycanda kənd təsərrüfatına, aqrar sahəyə mənfi təsir edir. Suyun çatışmaması son illər əkin sahələrinə xeyli dərəcədə ziyan vurub. Bu problemin aradan qaldırılması tək dövlətin öhdəsində deyil, hər bir vətəndaşın üzərinə vəzifə düşür. Təəssüflər olsun ki, ölkəmizdə şirin sudan və əkin suyundan qənaətlə istifadə olunmur. İsrafçılıq halları mövcuddur. Suyun 40 faizə yaxını israf edilir. Bu hər birimizi ciddi düşündürməlidir. Bu gün ölkədə su probleminin aradan qaldırılması üçün strategiyalar hazırlanır, bundan irəli gələn tədbirlər görülür, cənab Prezident bununla bağlı sərəncamlar imzalayır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə su anbarlarının tikintisi, çay sularının toplanması gələcəyə yönəlik ehtiyat tədbirləridir. Hər birimiz sudan qənaətlə istifadə etməliyik. Sudan səmərəli istifadə ölkədə fərdi fermer təsərrüfalarında bol məhsul yetişdirilməsinə, məhsuldarlığın artmasına təkan verə bilər. Problemin həlli ciddi təhlillər tələb edir. Bu, insanların sağlamlığı və aqrar sektorun inkişafı üçün əhəmiyyətli şərtdir”.

İqlim dəyişikliyi atmosferdən, ətraf mühitdən də yan keçmir. İqlim dəyişikliyi ilə mübarizənin yaratdığı yeni reallıqların müzakirə platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ərəfəsində müzakirə olunan önəmli məsələlərdən biri də karbon qiymətqoymaq mexanizminin Azərbaycanda tətbiqidir. Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum qlobal miqyasda zəruri olan təmiz ətraf mühit gündəliyinin prioritetlərinin reallığa çevrilməsi yolunda təşəbbüslərə töhfə verən və yeni yanaşmaların təməlinin qoyulmasına fürsət yaradan platformalardan biri kimi əhəmiyyət kəsb edir. Forumda karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə olundu. Bu gün karbon vergisinin tətbiqi dünyanın gündəmindədir. Tədbirdə Azərbaycanda “karbon vergisi” və yaxud analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi müzakirə olunub.

Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında məsələyə münasibətini bildirib.



Ə.Əliyevin sözlərinə görə, Yer üzündəki canlıların 99 faizi atmosferə karbon qazı buraxır:

“Karbon qiymətqoyma qlobal iqlim dəyişikliyi ilə mübarizədə ən təsirli alətlərdən biridir. Bu mexanizm istixana qazı emissiyalarının azaldılması məqsədilə iqtisadi aktorları hərəkətə gətirir və dayanıqlı inkişafı təşviq edir. Düşünürəm ki, bu prosesdə birgə təşəbbüslər ortaya qoyulmalıdır. Hökumətlər, vətəndaş cəmiyyətləri, özəl sektor, beynəlxalq təşkilatlar və ölkələr müştərək formatda çalışmalıdırlar. Çünki bu mexanizm dünyada yenidir və geniş araşdırılmasına ehtiyac var. Karbon vergisinin tətbiq edilməsi məsələsi geniş təhlil edilməlidir, icra mexanizmi düşünülməli, dünya təcrübəsi araşdırılmalıdır. Bu, sadə məsələ deyil. Daxili yanma mühərriklərindən karbon qazının buraxılmasını necə müəyyənləşdirəcəklər? Atmosferə karbon qazı ilə yanaşı kükürd və azot oksidləri də buraxılır. Hansı qazın atmosferdə faizinin nə qədər olduğunu müəyyən etmək çətin məsələdir”.

Törə Zeynallı
Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top