"Suverenliyimizin bərpası sülhün əldə olunmasında mühüm mərhələni təşkil edir"

GÜNDƏM 21 sentyabr 2024, 19:39
Suverenliyimizin bərpasından bir il ötür. 2023-cü ilin 20 sentyabrında Azərbaycan ordusu tariximizə daha bir tarixi zəfəri həkk etdi. 24 saatdan da az davam edən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Qarabağda yerləşən erməni separatçı yuvası tamamilə dağıdıldı, tarixi torpaqlarımız terrorçulardan təmizləndi. Ordumuzun həyata keçirdiyi əməliyyat nəticəsində ankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımız ucaldıldı. Bu münasibətlə ölkə başçısının imzaladığı sərəncamla hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında çıxış edən dövlət başçısı qeyd etdi ki, cəmi bir neçə saat davam edən əməliyyat Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatdı. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingentinin tamamilə iflic vəziyyətə düşdüyünü vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bir neçə saatdan sonra kapitulyasiya şərtlər artıq müzakirə edilməyə başladı: “İndi deyilir ki, 23 saat davam etdi, bəli ümumi proses 23 saat davam etdi. Ancaq bu prosesin hərbi hissəsi bir neçə saat davam etmişdir. Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz”.




Son 100 ildə Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatının əlamətdar tarixi hadisə olduğunu söyləyən millət vəkili Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında bu tarixin həm demoqrafik strategiya baxımından, həm də hərbi-siyasi strategiya baxımından əhəmiyyətli olduğunu deyib:



“100 il əvvəl Azərbaycan ərazisinə köçürülən ermənilərə xüsusi status verilmişdi. 1923-cü ildə Dağlıq Qarabağda qondarma bir təsisat yaradıldı. Bu, əslində, Azərbaycanın dövlətçiliyinin təməlləri altında yerləşdirilmiş partlamayan mina idi. Bunun fəsadlarını dövlətimizə qarşı həmişə gördük, Sovet dövründə də. Vahid idarəçilik zamanında daima Azərbaycan mərkəzi hakimiyyətinə qarşı mövqelərin şahidi olduq. Müxtəlif dövrlərdə Qarabağda yaşayan ermənilər tərəfindən dövlətçiliyimizə qarşı şantajların, təxribatların şahidi olduq. Daima təzyiqlər var idi. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş vermiş hadisələrdə məsul olan Dağlıq Qarabağ Muxtar Vilayəti idi. DQMV Azərbaycan dövlətinin təməllərini sarsıtdı, bu problemin həllinə 30 ilə yaxın vaxt sərf etdik. 2020-ci ildə çox böyük tarixi zəfər qazandıq, doğrudur, amma problemin kökü hələ də qalmaqda idi. Gələcəkdə yenidən Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması üçün ciddi əsaslar qalmaqda idi. Çünki hələ də Qarabağda terrorçuluq və bölücülük ideologiyasından zəhərlənmiş insanlar yaşamaqda idi. Buna birdəfəlik son qoymaq lazım idi. Düşünürəm ki, antiterror əməliyyatları 100 illik problemin həlli oldu. Ermənilər 200 ildən bəri idi ki, Azərbaycan ərazisinə Qarabağa yerləşdirilmişdilər. 20 sentyabr 2023-cü il tarixi buna görə çox əhəmiyyətlidir. Hətta o qədər əhəmiyyətlidir ki, Prezident İlham Əliyev qeyd etdi ki, biz Ermənistanla danışıqların substantiv mərhələsinə 1 ildir qədəm qoymuşuq. Yəni, lokal əməliyyatların gətirdiyi siyasi dividentlərdən sonra. Düşünürəm ki, siyasi qiymətləndirmə baxımından bu, çox vacib fikirlərdir. Nə qədər ki, Azərbaycan ərazisində separatçılar, terrorçular yaşayırdı, sülh əldə etmək bir o qədər çətin idi. 20 sentyabr hadisəsi sülhün əldə olunmasında mühüm mərhələni təşkil edir”.

Politoloq Tofiq Abbasov sayta açıqlamasında 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü kimi qeyd olunmasını təqdirəlayiq hesab edib:

“Milli bayramlar xalqın həyatında, dövlətin tarixində mühüm rol oynayır. Bayramlar xalqı, milləti birləşdirir, gənclərə, uşaqlara vətənpərvərlik hissləri aşılayır və ən əsasını əgər hansısa gün təqvimdə əlamətdar hadisə kimi qeyd olunursa, demək o gün tarixdən bəhs edir. Hər bir vətəndaş özünə sual verməlidir ki, mən kiməm, hansı kökdən gəlirəm. Vətəndaş vətənin daşı deməkdir, vətəni yaşadan insanlardır, müasirlərdir, gənclərdir. Tariximizdə əlamətdar günlər var, hər birimiz bu tarixi günlərin mahiyyətinə varır, qiymətləndiririk. Suverenliyimizin bərpa olunduğu 20 sentyabr tarixi də belə günlərdəndir. Düşünürəm ki, cənab Prezidentin bu günü təqvimdə əlamətdar tarixə çevirən Sərəncam imzalaması mühüm əhəmiyyət kəsb edir. Xalq və ordu birliyi nəticəsində suverenliyimizin bərpasına, torpaqlarımızın tam olaraq azad edilməsinə və nəzarətimiz altına keçməsinə nail olduq. Rəhbər, xalq, ordu birliyi, bu vəhdət hər zaman xaliqələr yaradır. Dünya birliyi də bunun şahidi oldu. Dünya gördü ki, Azərbaycan öz gücü, xalqının əzmi, ordusunun qüdrəti ilə tarixi ədaləti bərpa etməyə qadirdir. Antiterror əməliyyatları son 100 illik tariximizə əlamətdar hadisələrdən biri kimi həkk olundu. Bu tarixi yaşatmalı və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur”.

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində hazırlanıb. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 21:40
21 sentyabr 2024, 21:25
Top