“Tələbələr üçün kampus tikilsə, tıxac da azalar” — TƏKLİF

GÜNDƏM 20 sentyabr 2024, 13:29
Paytaxtın tıxac problemi son illər ən aktual mövzuya çevrilib. Problemin həlli üçün zaman-zaman bir sıra təkliflər irəli sürülür. Təkliflərdən biri də paytaxtda yerləşən ali təhsil müəssisələrinin, hətta bəzi dövlət qurumlarının şəhər ətrafına, digər böyük şəhərlərə köçürülməsidir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, tıxac probleminin həlli köçürülmədə deyil. R.Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, insanların səfərlərinin təşkilinə böyük diqqət ayrılmalıdır:

“İnsanlar səfərlərini fərdi nəqliyyat vasitələri ilə həyata keçirirlərsə, demək ki, problem nəqliyyat növlərinin çeşidində və təklifin hansı formasında olmasındadır. Bu gün niyə insanlar fərdi nəqliyyat vasitələrindən istifadəyə üstünlük verirlər? Deməli problem çeşidliyi, üstünlüyü təmin olunmuş ictimai nəqliyyatın inkişaf etməməsidir. Mövcud dəmir yolu şəbəkəsini sağlamlaşdırıb, qatar sayını artırıb şəhərin digər istiqamətlərinə də insanların daşınmasını təmin etmək lazımdır. Metro şəbəkəmiz var, amma metrodakı sıxlığın şəklini çəkib paylaşmaqla məsələ düzəlmir. Metroda eyni müstəvidə iki xətt kəsişir – yaşıl xətlə qırmızı xətt. Xətlər ayrılmalıdır, bu proses 6 ay da çəkə bilər. “8-ci kilometr”, “Həzi Aslanov”, “Əhmədli” massivlərində yaşayan insanlar bu gün bir xətlə “Elmlər”, “İnşaatçılar” tərəfə gedə bilir. Amma yeni xətlər salınarsa, 3 xətt formalaşacaq, 3 istiqamətdən gediş-gəliş mümkün olacaq. Sərnişin axınını şaxələndirməliyik ki, insanlar fərdi nəqliyyatdan ictimai nəqliyyata keçsinlər”.

Ekspert qeyd edib ki, şəhərə girişdə zolaqlar ensizləşdirilməlidir: 

“İnsan hiss etməlidir ki, şəhərə daxil olur. İndiki halda şəhərin girişində hibridləşdirilmiş yollardır. Şəhərə daxil olarkən sürücülərin daha da diqqətli olması üçün infrastruktur formalaşdırılmalıdır, zolaqların ensizləşdirilməsi də bunun üçündür. İki zolaqdan artıq yollarda piyadalar üçün təhlükəsizlik adacıqları qurulmalıdır. İnsanların qısa məsafədə hərəkəti üçün səkilər abad olmalıdır. Bu illər ərzində yalnız avtomobillərin hərəkəti üçün işlər görülüb, digər növlər üçün görülən işlər istənilən səviyyədə deyil. Deyirik ki, insanlar piyada gəzməyə üstünlük verməlidirlər. Amma bunun üçün şərait varmı? Hələ indi “8 noyabr”da səkilər qurulub. Bu səkilər də az mobilli insanları nəzərə alaraq qurulmalıdır. 

Bundan başqa şəhərdə ciddi naviqasiya problemi var. Küçələrin adları, ünvanlar qeyd olunmayıb. Tətbiq üzərindən səfər planlaması etmək olmur. Dayanacaqdan neçə nömrəli avtobuslar keçir, onların hərəkət trayektoriyası həm dayanacağın özündə, həm də mobil tətbiqlərdə göstərilməlidir. Avtobusun izləmə sistemi daha əlçatan olmalıdır, hansı ünvana hansı avtobusların getdiyi, hansı avtobusun hansı ünvanlardan, küçələrdən keçdiyi qeyd olunmur. Səfər planlaması sərnişinlərin işini asanlaşdırır. Bu problemlərin həlli prioritet olarsa, şəhərdə sıxlıq indiki səviyyədə olmayacaq”. 
Bu problemlərin həlli prioritet olarsa, şəhərdə sıxlıq indiki səviyyədə olmayacaq”. 

R.Ağamirzəyev əlavə edib ki, tələbələr üçün şəhərdə kampusun tikilməsi universitetlərin köçürülməsinə alternativ ola bilər: 

“Universitetlərin köçürülməsindənsə, “Elmlər Akademiyası” ətrafında 10-20 min, hətta 30 min tələbənin yerləşə biləcəyi kampus təşkil edilsə, tələbələrin universitetlərə velosipedlə gəlib-getməyə imkanı olsa, tələbə axınını piyada məsafəsinə yönləndirmək olar. Bununla da şəhərin yükünü qismən azaltmaq olar. Universitetlər köçürülsün demək asandır, amma Bakını tələbəsiz təsəvvür etmək düşünürəm ki, heç də yaxşı çağırış deyil. Tələbələr, gənclər Bakının yaraşığıdır, ən aktiv kütləsidir. Kampusların yaradılması həm tıxacı azaldacaq, həm tələbənin yaşam keyfiyyətinə müsbət təsir edəcək. Universitetlərin köçürülməsinə razı deyiləm, düşünürəm ki, bunun yerinə şəhərdə mobilliyin dayanıqlılığını artırmağa ehtiyac var”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 noyabr 2024, 09:21
Top