Pezeşkian sünni siyasətçini vilayət rəhbəri təyin etdi

DÜNYA 18 sentyabr 2024, 17:25
İranın yeni Prezidenti Məsud Pezeşkian sentyabrın 18-də sünni müsəlman azlığın nümayəndəsini Kürdüstan vilayətinin qubernatoru vəzifəsinə təyin edib.

Demokrat.az IRNA agentliyinə istinadla xəbər verir ki, Araş Zərehtan ölkənin qərb vilayətinin başçısı təyin edilib. Bu barədə agentliyə İran hökumətinin sözçüsü Fatimə Muhacerani məlumat verib.

Araş Zərehtan 1979-cu il İslam inqilabının ilk günlərindən bəri şiələrin çoxluq təşkil etdiyi ölkədə regional qubernator təyin edilən ilk sünnidir. Qırx səkkiz yaşlı siyasətçi 2020-ci ildən Pave şəhərinin deputatıdır.

Sünnilər rəsmi dövlət dini şiəlik olan İran əhalisinin təxminən 10 faizini təşkil edir. Onlar inqilabdan sonra çox nadir hallarda əsas hakimiyyət vəzifələrinə təyin olunublar.

Pezeşkian seçki kampaniyası zamanı etnik və dini azlıqların, xüsusilə də sünni kürdlərin mühüm vəzifələrdə təmsil olunmamasını tənqid edib. O, avqust ayında sünni azlığın başqa bir üzvünü – Əbdülkərim Hüseynzadəni vitse-prezident vəzifəsinə təyin edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top