Azərbaycan-İtaliya əlaqələri bütün sahələri əhatə edir — ŞƏRH

SİYASƏT 09 sentyabr 2024, 12:04

Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, səfərlər çərçivəsində keçirdiyi görüşlər, imzalanan sənədlər, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycan haqqında həqiqətləri olduğu kimi dünyaya bəyan etməsi daim beynəlxalq aləmin, eləcə də aparıcı medianın diqqət mərkəzində olub. Dövlətimizin başçısının bu günlərdə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri də böyük maraqla izlənilib. Bəri başdan qeyd edim ki, hazırda dünyanın aparıcı media qurumları bu səfəri, xüsusilə səfər çərçivəsində Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışını geniş işıqlandırır. Azərbaycan Prezidentinin bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq qurduğu, Avropa İttifaqının 10 üzvünün rəsmən ölkəmizin strateji tərəfdaşı olduğu xüsusi qeyd edilib. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi diqqəti Azərbaycan-İtaliya münasibətlərinə yönəldərək deyib ki, iki ölkə arasındakı əməkdaşlıq əsasən müstəqillik illərində dinamik inkişaf edib. Dövlətimizin başçısı səfər çərçivəsində mühüm əhəmiyyətli görüşlər keçirib. Görüş və müzakirələr zamanı bir daha ikitərəfli münasibətlərin strateji xarakteri öz təsdiqini tapdı. Müxtəlif sahələrdə çox ciddi əlaqələrin olduğu da qeyd edildi. İtaliya Avropa İttifaqına daxil olan ən mühüm dövlətlərdən biridir. İki ölkə arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənir. Azərbaycanda çox sayda İtaliya şirkətinin fəaliyyəti daim yüksək qiymətləndirilir. İtaliya Azərbaycanı beynəlxalq səviyyədə dəstəkləyən mühüm dövlətlərdən biridir və ölkəmiz də Romaya eyni münasibəti göstərir. Ç.Qənizadənin sözlərinə görə, Azərbaycan və İtaliya uzun illərdir ki, strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bu barədə təqribən 10 il əvvəl müvafiq bəyannamə qəbul edilib. İki ölkə arasında əməkdaşlıq bir çox sahələri əhatə edir.

Ç.Qənizadə Azərbaycan Prezidentinin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışına və səsləndirdiyi fikirlərə münasibət bildirərək deyib ki, dünyanın aparıcı media orqanları bu çıxışa geniş yer ayırıb. Azərbaycan Liderinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik adlandırması xüsusi olaraq diqqətə çatdırılıb. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsini hazırda ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə cəhd göstərən ölkələr üçün yaxşı nümunə olduğu vurğulanıb. Prezident İlham Əliyev iki ölkə arasında müntəzəm siyasi təmasların olduğunu da diqqətə çatdırıb. Bu, Azərbaycan Prezidentinin 2020-ci ildən bəri İtaliyaya 3-cü səfəri idi. Onu da qeyd edək ki, Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Dövlət başçıları arasındakı yüksək səviyyəli siyasi təmaslar Azərbaycanla İtaliyanın yaxın siyasi tərəfdaş olduğundan xəbər verir. Həmçinin çıxışda diqqətə çatdırıldı ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ölkələrarası ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına çatıb. Əlaqələrin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur. Bütün bunlar təsdiqləyir ki, Azərbaycanla İtaliya çox yaxın tərəfdaş ölkələrdir.

Hüquqşünas dövlətimizin başçımızın enerji təchizatından da söhbət açdığını vurğulayaraq deyib: “Ölkə Prezidenti qeyd etdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş coğrafiyanı əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq”.

İkitərəfli əlaqələrin enerji və ticarətlə məhdudlaşmadığını deyən Ç.Qənizadə hazırda humanitar məsələlər üzərində də fəal iş getdiyini qeyd edib. “Artıq İtaliya - Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, iki ölkə arasında əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universitetinin və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıblar. Bu, gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edəcək”, - deyə Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, dövlətimizin başçısının moderatorun suallarına verdiyi cavablar Azərbaycan Liderinin qətiyyətini, ölkənin mövqeyini bir daha nümayiş etdirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 09:25
17 sentyabr 2024, 08:41
Top