Ətin qiyməti artacaq? — Mühüm açıqlama

SOSİAL 06 sentyabr 2024, 16:39
Azərbaycan xırdabuynuzlu heyvanların Yunanıstandan idxalına məhdudiyyət qoyub. 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Yunanıstanın Makedoniya və Frakiya inzibati ərazi vahidində xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi qeydə alınması səbəbilə onların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. 

Bəs görəsən, bu hal ətin qiymətinə təsir edəcəkmi? Yaxın gələcəkdə bu sahədə bahalaşma gözlənilirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış iqtisadçı Vahid Məhərrəmli bildirib ki, ətin qiyməti birbaşa alıcılıq qabiliyyəti ilə bağlıdır:

“Azərbaycanda ətin qiymətinin artımı tələbatın artımı ilə əlaqəli ola bilər. Yəni tələbat artarsa, qiymət də avtomatik olaraq artacaq. Tələbatın artımı üçün də əhalinin alıcılıq qabiliyyəti olmalıdır. Əgər əhalinin alıcılıq qabiliyyətində artım baş versə, bu zaman tələbat da artacaq, nəticədə qiymətlər də bahalaşacaq. 

Son vaxtlar apardığımı müşahidələr onu göstərir ki, çoxlu sayda qəssabxana bağlanıb. Ət satışı ilə məşğul olan bir çox sahibkar fəaliyyətini dayandırıb. Bu da onunla bağlıdır ki. əhalinin alıcılıq qabiliyyəti aşağıdır. 

Bu məsələyə mövsümün də təsiri var, hazırda yay mövsümüdür və elə də çox ət alan yoxdur. Payızın ortaları, üzü qışa doğru qoyun əti alanlar artacaq. 

Heyvanlarda çiçək xəstəliyi bir müddət əvvəl Gürcüstanda da yayılmışdı, o zaman Gürcüstandan da ət idxalına məhdudiyyətlər qoyulmuşdu”. 

Ekspert qeyd edib ki, son illər ölkəmizdə xırdabuynuzlu heyvanların sayı kəskin azalıb, bundan əlavə, ölkəyə idxal olunan heyvanlara da məhdudiyyət qoyularsa, bahalaşma qaçılmaz olacaq: 

“Ölkəmizdə qoyunların baş sayı sürətlə azalır. Bu isə örüş sahələrinin məhsuldarlığının aşağı düşməsi ilə əlaqəlidir, ot istehsalımız artmır, bu da heyvanların baş sayının azalmasına səbəb olur. Xüsusən, xırdabuynuzlu heyvanların sayı son 4 ildə 1 milyon 200 min baş azalıb. Bu isə çox böyük rəqəmdir. 

Əgər təklif yetərincə olarsa, ətin qiyməti artmayacaq, amma təklif azalarsa, qiymətlər artacaq. Bir daha qeyd edim ki, bu, alıcılıq qabiliyyəti ilə bağlıdır. Ola bilər ki, əhali qoyun ətindən daha çox quş əti yeməyə üstünlük versin. Çünki əhalidə qoyun əti almağa pul olmalıdır. Bunlar bir-biri ilə sıx bağlıdır. Amma hər bir halda, ölkəyə gətirilən heyvanların sayı azalsa, ətin qiymətində də artım baş verəcək. Bu artımın nə qədər olacağı isə alıcılıq qabiliyyətindən asılıdır”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top