Bakı klassikaya qayıtdı... — FOTOLAR

AVTO 26 avqust 2024, 08:37

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı, “Nazar Holding”in baş sponsorluğu ilə paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib. 

Demokrat.az xəbər verir ki, artıq ənənə halını alan yürüş qeydiyyatdan keçən klassik avtomobillərin, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinin Dənizkənarı Milli Parkda nümayişi ilə başlayıb.  

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər, səhər sakinləri iştirak edib. 

Yürüşə 1984-cü ilədək istehsal olunan avtomobillər qatılıb. Onların arasındakı ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes Benz Gazelle” da olub. Bununla yanaşı, yürüşdə müxtəlif illərin bir-birindən unikal retro maşınları tamaşaçılarda nostalji hisslər yaradıb.

Dənizkənarı Milli Parkdan start götürən klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüş ediblər. 

Paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyib. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən və nostalji hisslər yaradan görünüşü, həm də maraqlı tarixi ilə diqqəti cəlb edib. Bakının küçələrini bəzəyən retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobil həvəskarlarının adətən köhnə kinolentlərdə gördüyü kadrları real həyatda canlandırıb. 

Klassik nəqliyyat vasitələri Dənizkənarı Bulvar - Neftçilər Prospekti -Ağ Şəhər-Heydər Əliyev Mərkəzi - Heydər Əliyev Prospekti - Hava limanı yolu- Zığ şossesindən keçməklə “Dreamland Golf Club”da finiş nöqtəsinə çatıblar. 

Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçirilib. Hər kəs həmin avtomobillərin qarşısında gözəl foto çəkdirib, retro nəqliyyat vasitələrinin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanıb. 

“Ən qədim avtomobil”, “Ən unikal avtomobil” və “Ən rəngarəng geyim” nominasiyalarında qaliblər seçilərək mükafatlandırılıb. 

Nominasiyalarla yanaşı qonaqlara tanınmış ifaçıların iştirakı ilə konsert və əyləncə proqramı da təqdim edilib. 
Konsertdə sevilən müğənnilər Aisel, Dilarə Kazımova, Xəyyam Nisanov, Elnur və Nigar, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə, Zamiq Hüseynov çıxış ediblər.

Ölkəmizdə avtomobil həvəskarlarının marağına səbəb olan, o cümlədən avtomobil idmanı sahəsinin inkişafına yönələn müxtəlif tədbirlər keçirilir. Bu istiqamətdə Azərbaycan Avtomobil Federasiyasının  fəaliyyəti xüsusi qeyd edilə bilər.

 































SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top